Rəşad Həsənov: “Kredit Zəmanət Fondu öz fəaliyyətini qısa müddət ərzində həyata keçirə bilsə, bu, kommersiya banklarının real iqtisadiyyata kredit ayırmasına təsir göstərə bilər”
Məlumatlara görə, Azərbaycanda regionların kreditləşməsi 19 faiz azalıb. Azərbaycanda regionların kreditləşməsi prosesi illik müqayisədə 461,4 mln. manat və ya 18,87% azalaraq, 2018-ci il yanvarın 1-nə 1 984 465,5 min manat təşkil edib. Beləliklə, ölkə üzrə cəmi kredit qoyuluşunun 16,88%-i bölgələrin payına düşüb.
Bu da kreditləşmədə regionların xüsusi çəkisinin ötən ilin eyni dövrü ilə müqayisədə 2,01 faiz bəndi artması deməkdir. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) aylıq hesabatına istinadən xəbər verilir.
Hesabata əsasən, regionlar üzrə ən çox kredit qoyuluşu Aran iqtisadi rayonunda (471,8 mln. manat) qeydə alınıb. Eyni zamanda, ən yüksək orta faiz dərəcəsi də (illik 22,7%) bu regionda müşahidə olunub.
Qeyd edək ki, 2018-ci il yanvarın 1-nə ölkə iqtisadiyyatına cəmi kredit qoyuluşu 11,758 mlrd. manat təşkil edib və bunun 9,773 mlrd. manatı və ya 83,12%-i Bakı şəhərini əhatə edib. Ölkədə kreditlər üzrə orta faiz dərəcəsi illik 11,8% təşkil etdiyi halda, Bakıda 10,3% olub, regionlarda isə 8,6-22,7% arasında dəyişib.
Regionlarda kreditləşmənin nə səbəbdən azalmasını öyrənmək məqsədilə iqtisadçı-ekspert Rəşad Həsənova müraciət etdik. O, “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycanda kreditləşmənin ümumi həcmində azalma var: “2017-ci ildə bankların real iqtisadiyyata kredit qoyuluşlarının həcmi 28 faizdən artıq azalıb. Belə olan halda, regionların kreditləşməsində azalma qeydə alınacaq. Bu sahədə əsas problem hazırda paytaxt Bakı ərazisində yaşanır”.
Həmsöhbətimizin sözlərinə görə, regionların kreditləşməsi bir sıra hallarda kommeriya banklarının maraq dairəsində deyil. Çünki risqlər yüksəkdir: “Eyni zamanda, zəmanət mexanizmləri olduqca zəifdir. Xüsusilə də daşınmaz əmlakın likvidliyinin çətinlikləri və mənfəət normasının aşağı olması bu sahəyə öz təsirini göstərir. Nəzərə almaq lazımdır ki, region əhalisinin böyük əksəriyyəti kənd təsərrüfatında fəaliyyət göstərir. Bu sector da mənfəət normasına görə ölkə iqtisadiyyatının ən zəif sahəsi hesab olunur. Bu səbəbdən kreditləşmə baş vermirdi”.
İqtisadçı onu da bildirdi ki, 2018-ci ildə bu istiqamətdə müəyyən qədər dəyişiklik baş verə bilər. Kredit Zəmanət Fondu öz fəaliyyətini qısa müddət ərzində həyata keçirə bilsə, bu, kommersiya banklarının real iqtisadiyyata kredit ayırmasına təsir göstərə bilər. Həmçinin, regionlarda kredit siyasətinin dəyişməsinə təkan verə bilər. Nəticədə kredit portfelində artım müşahidə olunar.
Günel CƏLİLOVA