İlham Şaban: “Məsələ ondadır ki, sözügedən faza çərçivəsində hasil olunacaq qazın alıcıları ilə müqavilə imzalanmalıdır”
Azərbaycan Dövlət Neft Şirkəti - SOCAR artıq qaz-kondensat layihəsi olan “Şahdəniz”in üçüncü mərhələsinin imkanlarını öyrənir. Bunun Vyanada Avropa Qaz Konfransında (Avstriya) çıxışı zamanı SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov bildirib.
Onun sözlərinə görə, “Şahdəniz-3” üzrə son investisiya qərarı 2025-ci ilə qədər gözlənilmir. O, kəşfiyyat-qazma işlərinin dənizin dərin qatlarında həyata keçiriləcəyini bildirib. V.Bəylərbəyov deyib ki, dənizin dərin yataqlarında qazın olması əlamətləri var: “Şahdəniz-3”də il ərzində gözlənilən beş yüz milyard kubmetrdən daha çox qaz ola bilər”.
Məlumat üçün qeyd edək ki, əvvəllər əsas operator olan BP şirkəti ARDNŞ ilə əməkdaşlıq çərçivəsində “Şahdəniz”in üçüncü mərhələsini davam etdirmək niyyətini ifadə edib. 1996-cı ildə 1,2 trilyon kubmetr qaz ehtiyatları olan “Şahdəniz” dəniz yatağının işlənməsi üzrə müqavilə imzalanıb. Müqaviləyə əsasən, tərəflər arasında pay bölgüsü belədir: BP - operator (yüzdə 28,8), ARDNŞ (10 faiz), “SGC Upstream” (6,7 faiz), “Petronas” (15,5 faiz), “LUKoil” (10 faiz), NICO (10 faiz) və TPAO (yüzdə 19 faiz).
Ümumilikdə, ekspertlər “Şahdəniz 3”ün perspektivinə necə baxırlar? Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban “Şahdəniz 3”ün perspektiv imkanlarına bir neçə kontekstdən yanaşdı: “Şahdəniz 3”ün perspektivi gələcək bazarlardan asılı olacaq. Məsələ ondadır ki, sözügedən faza çərçivəsində hasil olunacaq qazın alıcıları ilə müqavilə imzalanmalıdır. Ondan sonra bununla bağlı işlərə start verilməlidir. Çünki biz “Şahdəniz 2” ilə bağlı müqavilə imzalamışıq. Təqribən 400 milyard kubmetr qazın alqı-satqısına dair bizim müqaviləmiz mövcuddur. Bu qaz 2020-ci ildən bazara çıxarılacaq. Bunun müddəti də 25 il olacaq. Yəni 2046-cı ilə qədər bu qazın alqı-satqısı qüvvədə olacaq. Ancaq “Şahdəniz 3” “Şahdəniz 2” ilə müqayisədə daha böyük həcmə malikdir. Sözügedən qazı alan şirkətlər olmalıdır ki, onu bazarda realizə etmək mümkün olsun. Təbii ki, bunu 2020-2030-cu illərdə sata bilmərik. Həmin yataqdan qaz hasil olunması və satılması sonrakı mərhələnin planında olmalıdır. Qaz böyük həcmdə olduğuna görə yaradılacaq infrastruktur tələblərə cavab verməlidir. Yəni digər layihələrdə qaz hasilatı həcmi azalmalıdır və ancaq bu yatağa önəm verilməlidir. Yalnız o halda həmin qazı uzun müddətə və stabil olaraq Avropa bazarlarına çıxarmaq olar. Bu da tamamilə normal bir şeydir. Nəzərə alsaq ki, “Şahdəniz 1” 200 milyard, “Şahdəniz 2” 400 milyard kubmetr qazın ixracını nəzərdə tuturdusa, “Şahdəniz 3” ən aşağısı 600 milyard kubmetr ətrafında qazın satışına hesablanmalıdır. Bütün bunlar da çox böyük və yetərincə ciddi rəqəmlərdir”.
Vidadi ORDAHALLI