Bu gün bir sıra ölkələr üçün mühüm əhəmiyyət kəsb edən məqamlardan biri də dünya bazarlarına öz məhsullarını daha tez və səmərəli şəkildə çıxara bilməkdir. Bu məsələ öz növbəsində effektiv nəqliyyat dəhlizlərinin seçilməsini aktuallaşdırır.
Hazırda belə effektiv nəqliyyat dəhlizinə malik ölkələrdən biri qismində daha çox Azərbaycanın adı çəkilməkdədir. “Şimal-Cənub”, “Cənub-Qərb” nəqliyyat dəhlizləri və xüsusilə də ötən il açılış mərasimi olan Bakı-Tiflis-Qars dəmir yolu ölkəmizə marağı daha da artırmaqdadır. Elə bunun nəticəsidir ki, Azərbaycan üzərindən yüklərini daşımaq istəyən ölkələrin sayı artır və onların sırasına artıq dünyanın ən böyük iqtisadiyyatına malik ölkələrindən biri kimi dəyərləndirilən Hindistan da qoşulmağa hazırlaşır.
“Şimal-Cənub” dəhlizinin istifadəsi üçün aparılan hazırlıqlar fonunda Hindistanın Azərbaycan üzərindən yükdaşımalara marağının əhəmiyyətli dərəcədə artması müşahidə edilməkdədir. Məsələ İranın yollar və şəhərsalma naziri Abbas Axundinin Hindistan səfərində də xüsusi diqqət mərkəzində olub. Burada o bildirib ki, İranla Rusiyanın dəmir yollarını birləşdirəcək Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu xətti hazırdır və bu yaxınlarda istismara buraxılacaq. Hindistanlı həmkarı Nitina Hodkariyə “Şimal-Cənub” dəhlizinin inşası barədə məlumat verən A. Axundi nəzərə çatdırıb ki, 164 kilometrlik Qəzvin-Rəşt dəmir yolunun tikintisi bu ilin mart ayında yekunlaşacaq. Daha sonra tikinti işləri Rəşt-Astara dəmir yolu xətti üzrə davam edəcək. Nazir bu yolun çəkilişi üçün Azərbaycanın İrana 500 milyon dollar kredit verəcəyini də diqqətə çatdırıb. Qeyd olunub ki, məhz Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) xəttilə İranın dəmir yolları sistemi Rusiyanın dəmir yolları sisteminə birləşəcək ki, bu da “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edəcək.
Hindistanın nəqliyyat naziri N.Hodkari ölkəsinin “Şimal-Cənub” dəhlizinin tezliklə formalaşmasında maraqlı olduğunu nəzərə çatdırıb. Bildirib ki, Hindistan Avropaya ixrac etdiyi yükləri Mumbai limanından İranın Bəndər-Abbas limanına göndərəcək və oradan da yüklər qatarla Rusiya və Şərqi Avropa ölkələrinə daşınacaq. Olduqca səmərəli sayılan və Azərbaycandan keçən bu yol yükdışmalardan ölkəmizə daha çox gəlir gəlməsini də təmin edəcək.
Ümumiyyətlə, hesab edilir ki, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu, “Şimal-Cənub”, “Cənub-Qərb” nəqliyyat dəhlizləri, Bakı-Tiflis-Qars dəmir yolu Asiyanı Avropa ilə birləşdirməklə yanaşı, həm də qitələr arasında ən sərfəli marşrutlardır. Digər tərəfdən, bu günlərdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksində Ro-Ro terminalının açılışı da Azərbaycanın strateji nəqliyyat mərkəzinə çevrilməsinə səbəb olan vacib amillərdən sayılır. Xüsusən də Bakı-Tiflis-Qarsın istifadəyə verilməsi fonunda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksində Ro-Ro terminalının açılışı daha cəlbedici görünür. Eyni zamanda, logistik mərkəzlərin yaradılması, qədim İpək yolunun bərpası, yükdaşımalarda elektron xidmətlərin tətbiqi, prosedur qaydalarının sadələşdirilməsi nəticə etibarilə ölkəmizin strateji nəqliyyat mərkəzinə çevrildiyini göstərir. Bununla yanaşı, Azərbaycanda nəhəng nəqliyyat layihələrinin reallaşdırılması həm iqtisadi, həm də geosiyasi önəm daşıyır. Ölkəmizdə istehsal olunan qeyri-neft məhsulları beynəlxalq nəqliyyat marşrutları ilə dünya bazarlarına çıxarılacaq. Nəqliyyat dəhlizləri imkan verir ki, azərbaycanlı sahibkarlar öz məhsullarını dünya bazarına daha asan və az xərclə çıxarsınlar. Elə yeni istifadəyə verilən Ro-Ro terminalının imkanları da buna əlverişli şərait yaradır. Belə ki, yeni terminal ildə 60 minə yaxın TIR və ya 1,8 milyon ton yük qəbul etmək imkanına malikdir və ən müasir texniki tələblərə uyğun tikilib. Bütün bunlar iqtisadi şaxələndirmə siyasətinin uğurla həyata keçirildiyini göstərir. Digər tərəfdən, görülən işlər sayəsində artıq postneft dövründə iqtisadiyyatın şaxələndirilməsi, bütövlükdə dövlət gəlirlərinin və ümumi daxili məhsulun fərqli sektorlar hesabına formalaşması kimi hədəflərə də nail olunması mümkün hala gəlir. Bu fonda nəqliyyat sektorunda islahatların aparılması və infrastrukturun qurulması da təsdiqləyir ki, beynəlxalq yükdaşımalarda ölkəmizin payının artması mühüm əhəmiyyət kəsb edir, əlavə valyutaların daxil olmasına şərait yaradır. Bu, eyni zamanda, Azərbaycanın iqtisadi gücünün artması kimi də xarakterizə edilir. Digər tərəfdən, bütün bunlar həm də beynəlxalq miqyasda Azərbaycana artan marağın təzahürü sayılır.
Tahir TAĞIYEV