Samir Əliyev: “İstehlak kreditlərinin faizinin yüksək olması kreditləşmənin səviyyəsinə təsir göstərir”
Məlumata görə, ev təsərrüfatlarına kredit qoyuluşunun ümumi həcmi 2017-ci il dekabrın 1-nə 4 672,2 mln. manat təşkil edib. Bu barədə Azərbaycan Mərkəzi Bankının yaydığı məlumatda qeyd olunur. Hesabata əsasən, bu istiqamətdə kreditləşmə aylıq müqayisədə 0,19%, illik müqayisədə 21,19% azalıb. Ev təsərrüfatlarına kreditlərin məcmu kredit qoyuluşunda xüsusi çəkisi 2017-ci il dekabrın 1-nə həmin ilin əvvəlindəki 35,6%-dən 38,2%-ə yüksəlib. Aylıq müqayisədə isə xüsusi çəkidə azalma davam edib.
Mərkəzi Bankdan bildirilib ki, 2017-ci il dekabrın 1-nə qədər daşınmaz əmlakın tikintisinə və alınmasına (ipoteka kreditləri daxil olmaqla) 1 727,1 mln. manat kredit qoyulub. Bu da aylıq müqayisədə 0,47%, illik müqayisədə 1,92% artım deməkdir.
Beləliklə, 2017-ci il dekabrın 1-nə ev təsərrüfatlarına kredit qoyuluşunun ÜDM-ə olan nisbəti 7,41%-ə enib. Bu da illik müqayisədə 3,48 faiz bəndi azalmanı əks etdirir.
Məlumat üçün bildirək ki, 2017-ci ilin yanvar-noyabr aylarında ölkədə 63 071,3 mln. manat və ya əhalinin hər nəfərinə 6 481,8 manat məbləğində ümumdaxili məhsul istehsal edilib. ÜDM istehsalının 40,1%-i sənaye, 10,1%-i ticarət, nəqliyyat vasitələrinin təmiri sahələri, 8,8%-i tikinti, 6,8%-i nəqliyyat və anbar təsərrüfatı, 5,5%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6%-i informasiya və rabitə sahələrinin, 17,0%-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 7,7%-ni təşkil edib.
İstehlak kreditləşməsinin azalma səbəbi nə ilə bağlıdır?
İqtisadçı-ekspert Samir Əliyev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, son zamanlar tək istehlak kreditləşməsi deyil, ümumi kreditləşmə azalıb: “Ümumi kreditləşmənin azalmasının səbəbi də aydındır. Bankların problemləri bəllidir. Vaxtilə bankların vətəndaşlara verdikləri kredit devalvasiya səbəbindən geri alına bilmir. Nəticədə 15 bank bağlanıb və bir neçə bankın isə vəziyyəti pisləşib. Həmçinin, kredit verilməsi üçün şərtlərin ağırlaşması vəziyyəti daha da çətinləşdirib. 2-3 il öncə istənilən şəxs bankdan kredit götürə bilirdisə, ancaq indi rəsmi gəlir təsdiq olunmalıdır. O da bəllidir ki, bu gün rəsmi gəliri təsdiq etmək çətindir”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, banklar risq səviyyəsini nəzərə alaraq, kreditləşməni azaldıblar. Kreditləşmənin azalması istehlak kreditlərinə də öz təsirini göstərir: “Təəssüf ki, istehlak kreditlərinin faizi bizdə hər zaman yüksək olub”.
S.Əliyevin sözlərinə görə, banklar xarici valyuta ilə kredit götürməkdə maraqlıdırlar. Ancaq vətəndaş isə xarici valyuta ilə kredit götürmək istəmir. Milli valyuta ilə əksər hallarda kredit verilmir.Verilirsə isə faizi yüksək olur.
Günel CƏLİLOVA