İlqar Hüseynli: “Bu kimi addımların atılması həmin insanların ümumi sosial vəziyyətinə müsbət təsir göstərir”
Məlum olduğu kimi, Prezident İlham Əliyev bu günlərdə “Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında” Qanunu təsdiq edib. Prezident tərəfindən imzalanan sözügedən qanunda bir sıra artımlar nəzərdə tutulub. Qanuna əsasən, 2018-ci il üçün yaşayış minimumu ölkə üzrə 173 manat müəyyən edilib. Əmək qabiliyyətli əhali üçün bu, 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün isə 154 manat məbləğində müəyyən olunub. Adıçəkilən qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.
Məlumat üçün qeyd edək ki, 2017-ci il üçün yaşayış minimumu ölkə üzrə 155 manat, əmək qabiliyyətli əhali üçün 164,5 manat, pensiyaçılar üçün 130,2 manat, uşaqlar üçün 136,6 manat məbləğində müəyyən edilmişdi. Məlum qərardan sonra isə yaşayış minimumunun həcmi artırıldı.
Onu da qeyd edək ki, “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2018-ci il yanvarın 1-dən 130 manat müəyyən edilib. Xatırladaq ki, 2006-cı ildə minimum əməkhaqqı 30 manat olub.
Görünən odur ki, ilbəil həm yaşayış minimumu, həm də digər sosial ödənişlərin həcmi artırılır. Bu da əhalinin aztəminatlı təbəqəsinin sosial vəziyyətinin yaxşılaşmasına öz müsbət təsirini göstərir. Bu baxımdan ekspertlər 2018-ci il üçün yaşayış minimumunun ölkə üzrə 173 manat müəyyən edilməsini necə dəyərləndirirlər?
Məsələyə münasibət bildirən ekspert İlqar Hüseynli yaşayış minimumunun artırılması ilə bağlı qərara ümumən müsbət prizmadan yanaşdı: “Ümumilikdə, dövlətin vətəndaşlarına qayğısını artırması, büdcələrinə əlavə vəsaitlərin cəlb olunması, aztəminatlı ailələrin maddi vəziyyətlərinin yaxşılaşdırılması üçün atılan addımları müsbət dəyərləndirirəm. Hesab edirəm ki, bu istiqamətdə işlərin davamlı şəkildə həyata keçirilməsi yaxşı haldır. Ona görə ki, bu kimi addımların atılması həmin insanların ümumi sosial vəziyyətinə müsbət təsir göstərir. Hələlik ölkədə minimum istehlak səbətinin real həcmi böyük olsa da, hesab edirəm ki, dövlətin imkanları artdıqca, bu sahəyə daha çox vəsaitin yönəldiləcəyi gözlənir. Elə etmək lazımdır ki, ehtiyacı olanların maddi imkanları daha da yaxşılaşsın. Hesab edirəm ki, bu istiqamətdə müvafiq qurumlar səylərini daha da artırmalı, kompleks tədbirlər görülməlidir. Digər tərəfdən, ölkədə məşğulluğun səviyyəsinin genişləndirilməsi istiqamətində işlərin genişləndirilməsi bu sahəyə öz töhfəsini verə bilər. Məsələ ondadır ki, bir sıra zəruri istehlak mallarına olan tələbat daxili istehsal hesabına təmin olunsa, bu, həmin kateqoriyadan olan insanların sosial durumuna müsbət təsir göstərəcək. Çünki bu məhsullara olan tələbat daxili resurslar hesabına ödəniləndə qiymətlər aşağı düşür. Bu da, öz növbəsində, həmin kateqoriyadan olan vətəndaşların sosial vəziyyətinə müsbət təsir göstərəcək. Hər halda, bu istiqamətdə səyləri daha da artırmaq lazımdır. Sosialyönümlü siyasət çoxşaxəli olmalıdır. Belə olduqda bütün kateqoriyadan olan vətəndaşların maraqlarını qorumaq mümkün olur”.
Vidadi ORDAHALLI