Vüqar Bayramov: “Nəticə etibarilə bu ondan xəbər verir ki, postneft dövründə aparılan...”
Xəbər verildiyi kimi, “Forbes” jurnalı son 12 il ərzində 153 ölkənin iqtisadiyyatını öyrənib və onlardan hansının kapital qoyuluşu üçün daha cəlbedici olduğunu müəyyən edib. Belə ki, “World Bank Group”, “Transparency International”, “Heritage Foundation”, “Property Rights Alliance”, “United Nations” və “World Economic Forum” kimi təşkilatların məlumatları əsasında tərtib olunan reytinqin birinci yerində Avropa İttifaqından çıxan Böyük Britaniya yer alıb. Daha sonra bu ölkəni Yeni Zelandiya, Niderland, İsveç, Kanada, Honkonq, Danimarka, İrlandiya, Sinqapur, İsveçrə kimi ölkələr gəlir.
2018-ci il üçün tərtib olunmuş reytinqdə Azərbaycan 70-ci, Gürcüstan 52-ci, Türkiyə 56-cı, Rusiya 58-ci, Ermənistan 88-ci yerdədir.
Qeyd edək ki, reytinqin tərtibi zamanı vergi sistemi, investorların müdafiəsi, bürokratizm və korrupsiya səviyyəsi, texnologiya və innovasiyaların tətbiqi dərəcəsi, mülkiyyət hüququ, özəl mülkiyyət, infrastruktur və s. olmaqla 15 meyar nəzərə alınıb. Reytinq sırasında ən aşağı göstərici Afrika dövləti olan Çadda qeydə alınıb. Digər tərəfdən, reytinq sıralamasına baxdıqda görürük ki, Azərbaycan Ermənistandan 18 pillə irəlidədir.
Görünən odur ki, Azərbaycanda aparılan məqsədyönlü siyasət, həyata keçirilən kompleks islahatlar ölkəni biznez, kapital qoyuluşu üçün daha cəlbedici ölkəyə çevirir. Bu da beynəlxalq hesabatlarda, sorğularda öz əksini tapır. Bu baxımdan “Forbes” jurnalının məlum siyahısında Azərbaycanın yerini ekspertlər necə dəyərləndirirlər?
Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Vüqar Bayramov buna müsbət prizmadan yanaşdı. Onun fikrincə, get-gedə Azərbaycanda biznes mühiti daha da yaxşılaşır: “Sevindirici haldır ki, Azərbaycanın bununla bağlı rəqabət qabiliyyəti artır. Bütün bunlar ondan xəbər verir ki, Azərbaycanda bu istiqamətdə işlər görülür. Neftin qiymətinin dünya bazarında aşağı olduğu dövrdə Azərbaycanın bu istiqamətdə irəliləməsi və bunun dünyanın ən aparıcı jurnalı tərəfindən qiymətləndirilməsi təqdirəlayiqdir. Bu, əslində, Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə bağlı aparılan islahatlara beynəlxalq qiymət kimi də xarakterizə edilməlidir. Nəticə etibarilə bu ondan xəbər verir ki, postneft dövründə aparılan islahatlar Azərbaycanın bu sahədə irəliləməsinə gətirib çıxarıb. Nəticədə neftin dünya bazarında qiymətinin aşağı olmasına və ölkəyə daxil olan neft gəlirlərinin azalmasına baxmayaraq, Azərbaycan öz mövqeyini nəinki qoruyub saxlayıb, hətta gücləndirə bilib. Bu isə ondan xəbər verir ki, Azərbaycanda artıq qeyri-neft sektorunun inkişafı ilə bağlı aparılan islahatlar həm ölkənin investisiya mühitinin daha da yaxşılaşmasına, rəqabət qabiliyyətinin gücləndirilməsinə və həm də mövcud infrastrukturdan, potensialdan iqtisadi diversifikasiya imkanları üçün istifadə edilməsinə gətirib çıxarıb. Bu, Azərbaycanda investisiyanın cəlbi və ölkənin mövcud potensialının təqdim edilməsi baxımından vacibdir. Yəni belə hesabat Azərbaycana mövcud potensialını təqdim etməyə, xüsusilə də qeyri-neft sektoruna xarici sərmayələrin cəlb edilməsini davam etdirməyə imkan verir. Çünki aparıcı şirkətlər investisiya qərarı verən zaman məhz belə hesabatlarda ölkələrin mövqeyinə diqqət yetirirlər”.
Vidadi ORDAHALLI