Rəsul Cahangirli: “Azərbaycan bu işə qoşulsa, sözügedən layihə tez başa gələ bilər”
“İran Bakı-Tiflis-Qars dəmir yolunun Təbriz şəhərinə qədər uzadılmasını təklif edib”. Məlum olduğu kimi, bu barədə mətbuata açıqlamasında İranın yol və şəhərin inkişafı naziri Abbas Axundi deyib. O sözügedən məsələ ilə bağlı açıqlamasında bildirib ki, bu məsələ ilə bağlı Türkiyə tərəfi ilə müzakirə aparılıb və memorandum imzalanıb: “Bu, çox böyük layihədir və üzərində iş gedir. Bu layihə reallaşsa, dairəvi dəmir yolu yaranacaq. İran və Türkiyə layihə üzrə işlər aparmaqla bağlı razılıq ifadə ediblər”.
“Cənub-Qərb” nəqliyyat dəhlizinə toxunan A.Axundi onun çox uğurlu olacağını hesab etdiyini söyləyib: “Bu dəhliz region və dünyada olan dəhlizlərlə rəqabət apara biləcək. Əminəm ki, İran, Azərbaycan, Gürcüstan və Ukraynanın bu dəhlizlə bağlı əməkdaşlığı uğurlu olacaq”.
O, İran və Azərbaycan arasında infrastruktur sahəsində əməkdaşlığın çox yaxşı davam etdiyini qeyd edib: “Astara-Astara dəmir yolunun tikintisi davam edir. Azərbaycan tərəfi ilə Astaradan Rəştə qədər olan dəmir yolunun tikintisinin maliyyələşdirilməsi ilə bağlı danışıqlar apardıq. Bununla bağlı memorandum imzalanıb. Layihə ilə bağlı müqavilənin imzalanması da nəzərdə tutulur. Bundan sonra Azərbaycan layihənin inkişaf etdirilməsində iştirak edəcək”.
O da məlumdur ki, oktyabrın 30-da Bakı-Tiflis-Qars dəmir yolunun istifadəyə verilməsi, daha sonra Azərbaycan, Rusiya və İran prezidentlərinin Tehranda “Şimal-Cənub” nəqliyyat dəhlizinin inşasına dair razılıq əldə etmələri BTQ-nin əhəmiyyətini bir az da artırıb. Bu baxımdan sözügedən dəmir yolunun Təbriz şəhərinədək uzadılması təklifinə ekspertlər necə yanaşırlar?
Məsələyə münasibət bildirən ekspert Rəsul Cahangirlinin sözlərinə görə, prinsipcə, bu layihəni reallaşdırmaq mümkündür: “İran Türkiyə ilə həmsərhəd olduğu üçün iki ölkə bunu reallaşdıra bilər. Ancaq bunun ərsəyə gətirilməsi böyük vəsait tələb edir. Xüsusən də bununla bağlı İran ərazisində xeyli görüləsi işlər var. Ancaq bunun ən uyğun variantı Qarsdan Naxçıvana dəmir yolu çəkmək və daha sonra bunu Təbrizədək uzatmaqdır. Hesab edirəm ki, bu ən uyğun variantdır. Azərbaycan da bu işə qoşulsa, sözügedən layihə tez başa gələ bilər. Çünki Azərbaycanın sözügedən sahədə böyük təcrübəsi var. Nəzərə almaq lazımdır ki, Azərbaycan Rəşt-Astara dəmir yolunun tikintisi ilə əlaqədar qonşu ölkəyə 500 milyon dollar kredit verəcək. Digər tərəfdən, İranın Azərbaycanla iqtisadi əlaqələrinin inkişaf etdirilməsinə böyük ehtiyac var. Çünki xarici ticarət dövriyyəsi ilə bağlı göstəricilərə baxdıqda görürük ki, potensialdan çox az istifadə olunur. İki ölkə arasında ümumi xarici ticarət dövriyyəsi 210 milyon dollar həcmindədir. Nəzərə alsaq ki, ölkənin xarici ticarət dövriyyəsi 20-25 milyard dollardır, o baxımdan bu kifayət qədər kiçik göstəricidir. Bunun da 150 milyon dolları İrandan idxal, 60 milyonu isə İrana qeyri-ixrac məsələsidir. Digər tərəfdən, İran sahibkarlarının Azərbaycan iqtisadiyyatına yatırımları məsələsi günümüzdə aktivdir. Xüsusilə kənd təsərrüfatı istiqamətində yatırımlar, dərman və avtomobil sənayesinə qoyulan investisiya məsələləri günümüzdə müzakirə olunan istiqamətlərdəndir. Bu baxımdan strateji əməkdaşlığın genişlənməsi prosesə öz müsbət təsirini göstərə bilər. Başqa bir tərəfdən, İran və Azərbaycan arasında tranzit daşımalarda əməkdaşlıq mühüm məqamlardan hesab edilir. Azərbaycanın ortaya qoyduğu əsas mövqelərdən biri də bundan ibarətdir ki, ölkəni regionun tranzit mərkəzinə çevirmək. Geostrateji mövqe buna kifayət qədər şərait yaradır. Ötən dövr ərzində bu istiqamətdə Azərbaycan dövləti tərəfindən müxtəlif layihələrin təşəbbüsləri irəli sürülüb, investisiyalar yatırılıb. Bütün bunlar tranzit dövriyyəsinin daha da genişlənməsinə səbəb ola bilər”.
Vidadi ORDAHALLI