Rəşad Həsənov: “Düşünürəm ki, bütün bunlar növbəti illərdə sahibkarlığa öz müsbət təsirini göstərəcək”
Məlum olduğu kimi, Prezident İlham Əliyev manatla alınan kreditlərlə bağlı fərman imzalayıb. Sözügedən fərmanla “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi və strukturu” təsdiq edilib.
Fərmanla, həmçinin, “Sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat verilməsi Qaydası”, “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətində kredit reytinqi sisteminin və digər risq menecmenti alətlərinin tətbiqi Qaydası” və “Sahibkarlar tərəfindən manatla alınan kreditlərə hesablanmış faizlərə görə subsidiya verilməsi Qaydası” təsdiq edilir.
Müəyyən edilib ki, subsidiya sahibkarlar tərəfindən 2018-ci il yanvarın 1-dən dekabrın 31-dək banklardan manatla alınan kreditlərə hesablanmış faizlərə görə veriləcək.
Fərmandan irəli gələrək Nazirlər Kabinetinə bir sıra tapşırıqlar verilib. Həmçinin, Maliyyə Nazirliyi Fərmandan irəli gələn məsələləri həll etməli, Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.
Manata etimadın daha da gücləndirilməsi, o cümlədən ölkədə biznes və sahibkarlıq mühitinin daha da aktivləşdirilməsi baxımından qərarın müsbət əhəmiyyəti var.
Maraqlıdır, bəs ekspertlər bunun əhəmiyyətini necə dəyərləndirirlər? Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Rəşad Həsənov buna bir neçə prizmadan yanaşdı: “Bunu “Kredit Zəmanət Fondu”nun yaradılması ilə bağlı verilən fərmanın davamı kimi qiymətləndirirəm. Bütün bunlar Azərbaycanda qeyri-neft sektorunun, kiçik və orta sahibkarlığın kreditə çıxış imkanını artırmaq, maliyyə imkanlarını yaxşılaşdırmaq məqsədi daşıyır. Məsələ ondadır ki, mövcud şərtlər daxilində bir sıra hallarda kiçik və orta sahibkarlar kredit əldə edə bilmirlər. Bunun əsas səbəblərindən biri təminatın zəif olması və risqin yüksək olmasıdır. Həmçinin, bəzi hallarda müəyyən prosedurlar yerinə yetirilmir. Nəzərə almaq lazımdır ki, regionlarda kreditə əlçatanlıq aşağı idi. Dəyişiklikdən sonra 30 min manatdan 3 milyonadək olan vəsaitlərə subsidiyaların verilməsi nəzərdə tutulub. Subsidiyanın məbləği ümumi kreditin 15 faizindən az ola bilməz, 75 faizindən də çox ola bilməz. Maraqlar toqquşması nəzərə alınaraq bəzi məqamlar müəyyənləşdirilərkən müvəkkil banklar üzərində öhdəliyin olması nəzərə alınıb. Bu məqsədlə kreditin məbləğinə zəmanətin verilməsi məsələsində müəyyən differensial göstəricilər tətbiq edilib. Bunda məqsəd həm də manatla verilən kreditlərə dəstəyin təmin edilməsidir. Həmçinin, özəlləşmə prosesinin təşviq olunmasıdır. Düşünürəm ki, bütün bunlar növbəti illərdə sahibkarlığa öz müsbət təsirini göstərəcək. Burada müəyyənləşdirilən şərtlər onu göstərir ki, bəzi hallarda sahibkar və vətəndaşlar bundan yararlana bilmirlər. Çünki burada minimum limitin tətbiq edilməsi, girovun məbləğə nisbəti məsələsi var. Bununla bağlı müəyyən məhdudiyyətlər tətbiq olunur. Hesab edirəm ki, növbəti dövrlərdə fondun imkanları genişləndikcə, tətbiq edilən bu məhdudiyyətlər zaman çərçivəsində azaldılacaq. Yəni zamanla sözügedən məsələlər də müəyyən məcraya düşəcək”.
Vidadi ORDAHALLI