Rəsul Cahangirli: “Ona görə də faizlər aşağı salınmalıdır”
Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib ki, kreditləşmə sistemində problemlər var. Onun fikrincə, bu gün bank sektorunda 6,5 mlrd. manatdan çox vəsait var və bu vəsait iqtisadiyyatın kreditləşdirilməsinə yönəldilmir.
Baş bankirin fikrincə, həmin vəsaitin böyük hissəsi sağlam banklardadır: “Bu vəsaitin də təxminən 70 faizdən çoxu ölkənin sağlam banklarında cəmləşib. Əgər bu vəsait kreditləşməyə yönəldilmirsə, kreditləşmə sistemində digər problemlərin olmasına işarə edir. Biz öz diqqətimizi bu problemlərə cəlb etməliyik. Pul kütləsini ayırırıqsa və bu vəsaitlər kreditləşməyə, yeni biznesin formalaşmasına yönəlmirsə, pul ya istehlak bazarına yönəlir, yaxud da valyuta bazarına qayıdır”.
E.Rüstəmov hesab edir ki, həmin vəsaitin istehlak bazarına yönəlməsi qiymətlərin əlavə artımına gətirib çıxara bilər ki, bu da yaranmış vəziyyətdə müsbət amil deyil: “İkincisi isə xarici vəziyyətdə gərginlik olanda, bu vəsaitlər valyuta bazarına qayıdır və manatın məzənnəsi üçün əlavə risqlər yaradır. Beynəlxalq təcrübəyə əsasən, mərkəzi banklar pul-kredit siyasətini o vaxt yumşaldır ki, inflyasiya təhlükəsi ötüb keçib. Mərkəzi banklar qiymətlərin sabitliyi probleminin həll olunmasına tam əmin olandan sonra pul kütləsini genişləndirməyə, iqtisadi aktivliyə dəstək verməyə gedir”.
Həqiqətən də bu sahədə ciddi problemlər var və reallıq ondan ibarətdir ki, bankların kreditləşmə ilə bağlı apardıqları uğursuz siyasət iqtisadiyyata mənfi təsir göstərir. Bu səbəbdən kreditləşmənin bərpa olunmasına böyük ehtiyac var.
Maraqlıdır, bəs ekspertlər kreditləşmə sistemindəki problemləri nə ilə əlaqələndirirlər?
Sözügedən məsələni dəyərləndirən ekspert Rəsul Cahangirlinin fikrincə, bu sahədə əsas problem faizlərin yüksək olması ilə bağlıdır: “Kreditləşmə sistemində problemin kökündə faizlərin yüksək olması dayanır. Buna görə də bankların ucuz kredit resurslarına çıxışı təmin olunmalıdır. Başqa bir tərəfdən əhali də əvvəlki kimi banklardan kredit götürməyə həvəsli deyil. Faktiki olaraq kredit götürməkdə tərəddüd edirlər. Devalvasiyadan sonra əhali daha çox ziyan gördü. Çünki heç bir günahı olmayan vətəndaşın valyutada götürdüyü kreditlər faizlərdən əlavə birdən-birə 2 dəfə bahalaşdı. Bu baxımdan banklar risq edib dollarla kredit vermirlər, vətəndaş da risq edib götürmür. Ötən illə müqayisədə manatla götürülən kreditlərin həcmində də ciddi azalmalar var. Yeganə davam edən kreditlərin böyük əksəriyyəti istehlak kreditləridir. Yəni müəyyən əşyaları almaq üçün ödənilən kreditlər. Məsələ ondadır ki, vətəndaşlar müxtəlif məişət avadanlıqları, texnika, mebel, mobil telefon və s. almaq üçün kreditlərə müraciət edirlər. Həcmində azalma olsa da, hələ ki, istehlak kreditlərinə müraciət edənlər var. Əsas iqtisadiyyata təsir göstərə biləcək kredit növü biznes kreditləridir. Ancaq biznes kreditlərində kəskin azalmalar var. Bunun da səbəbi onunla bağlıdır ki, biznes kreditlərinin verilmə müddəti azalıb, eyni zamanda çox yüksək faizlə təklif edilir. Faizlər hətta 22-25-ə qədərdir. İş adamlarına bu cür yüksək faizlərlə kredit götürüb iş qurmaq sərf etmir. Bu səbəblərdən kredit sistemində ciddi çətinliklər yaranıb. Bütün bunları nəzərə alsaq, deyə bilərik ki, bankların kredit bazarında aktivlik xeyli azalıb. Bu aktivliyi artırmaq üçün faizlər aşağı salınmalıdır. Bankların da bunu təmin etmək üçün ucuz kredit resurslarına çıxışı olmalıdır. Nəzərə almaq lazımdır ki, iqtisadiyyatın canlanması, inkişafı kreditləşmədən keçir”.
Vidadi ORDAHALLI