Trans-Adriatik Kəmərinin (TAP) tikintisi üzrə konsorsium bu xəttin Albaniya ərazisindən keçəcək hissəsində tikinti işlərinə başlayıb. Bu haqda layihə ofisinin yaydığı press-relizdə bildirilir.
«Bu münasibətlə Fier şəhəri yaxınlığında Albaniyanın baş naziri Edi Rama, energetika və sənaye naziri Damian Gjiknuri və TAP-ın icraçı direktoru Ian Bradshaw-nun iştirakı ilə mərasim keçirilib», - deyə press-relizdə bildirilir.
Edi Rama və Damian Gjiknuri Albaniyadan ötrü layihənin əhəmiyyətini vurğulayıblar. Onlar «Ən böyük xarici investisiyalardan biri olaraq TAP-ın ölkənin enerji sektoruna müsbət təsiri olacaq və digər xarici investisiyaların da cəlbinə kömək edəcək», - deyə qeyd ediblər.
TAP kəmərinin ümumi uzunluğu 878 kilometrdir. Bunun 550 kilometri Yunanıstan ərazisini, 215 kilometri Albaniyanı, 105 kilometri Adriatik dənizini, 8 kilometri isə Cənubi İtaliyanı əhatə edəcək.
Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə «Şahdəniz-2» layihəsi çərçivəsində hasil olunan qazın Avropaya nəqli nəzərdə tutulur.