Azərbaycan hökuməti manatın məzənnəsinin tənzimlənməsi üçün 2017-ci ildə xərcləri artıracaq. Trend-in məlumatına görə, bu barədə Maliyyə Nazirliyinin 2017-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında deyilir.
Hökumət gələn il bu məqsədlər üçün dövlət büdcəsindən 84 milyon manat ayıracaq.
İlkin hesablamalara görə, 2017-cu ildə hökumətin xarici valyutada bütün xərcləri təxminən 3,06 milyard dollar təşkil edəcək.
Xarici mühitdə baş verəcək dəyişikliklərlə bağlı risklər 2017-ci il dövlət büdcəsinə əsasən iki mühüm kanal vasitəsilə - birincisi, əsas ticarət tərəfdaşı ölkələrinin iqtisadiyyatlarında iqtisadi aktivliyin daha da zəifləməsi, ikincisi isə beynəlxalq maliyyə bazarlarında faiz dərəcələrinin artması ilə təsir göstərə bilər.
"APA-Economics" 2017-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrə istinadən xəbər verir ki, qlobal iqtisadiyyatda, o cümlədən tərəfdaş ölkələrdə iqtisadi aktivliyin ortamüddətli perspektivdə tədricən bərpa olunacağı proqnozlaşdırılır. Bunun əksinin baş verməsi ölkədə iqtisadi artım proqnozlarının aşağı düşməsi və yuxarıda qeyri-neft gəlirlərinin gözləniləndən daha az olmasına gətirib çıxara bilər. Beynəlxalq maliyyə bazarlarında faiz dərəcələrinin artması isə dövlət büdcəsində xaricdən kreditlər hesabına maliyyələşməsi planlaşdırılan "Cənub Qaz Dəhlizi" layihəsinə çəkiləcək xərcləri artıra bilər. Əgər beynəlxalq maliyyə bazarlarında əlverişsiz konyunktur formalaşarsa, "Cənub Qaz Dəhlizi" üzrə yarana biləcək öhdəliklərin SOCAR tərəfindən ödənilməsi üçün dövlət büdcəsində müvafiq dürüstləşmənin aparılması istisna olunmur.