Azərbaycan Bolqarıstan şirkətlərini üçüncü ölkələrə məhsulların ixracı üçün birgə müəssisələr yaratmağa dəvət edir. Trend-in məlumatına görə, bu barədə iqtisadiyyat nazirinin müavini Sahil Babayev Bakıda keçirilən Azərbaycan-Bolqarıstan biznes forumunda deyib.
Onun sözlərinə görə, ölkədə biznesin aparılması və investisiyalar üçün əlverişli şərait yaradılıb.
S.Babayev qeyd edib ki, 2016-cı ilin yanvar-avqust aylarında iki ölkə arasında əmtəə dövriyyəsi 2015-ci ilin analoji dövrünün göstəricisini iki dəfə üstələyib: "Hazırda Azərbaycanda Bolqarıstan kapitalı ilə 9 şirkət fəaliyyət göstərir".
Bolqarıstanın energetika nazirinin müavini isə Bakıda keçirilən Azərbaycan və Bolqarıstan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasında deyib ki, Bolqarıstan Azərbaycan qazının Avropaya nəqlinə hesablanmış "Cənub Qaz Dəhlizi" layihəsinin reallaşdırılmasına böyük marağı olduğunu təsdiq edir.
Energetika nazirinin müavini Jeço Stankov deyib ki, Bolqarıstan Azərbaycanı "Balkan" qazpaylayıcı şəbəkəsi vasitəsilə əsas potensial qaz təchizatçısı kimi nəzərdən keçirir.
Onun sözlərinə görə, tərəflər energetika, eləcə də Azərbaycan qazının Bolqarıstan üzərindən üçüncü ölkələrə tədarükü sahəsində əməkdaşlığın müxtəlif variantlarını nəzərdən keçirir.