OPEC ölkələri nümayəndələri Əlcəzairdə keçirilən qeyr-rəsmi görüşdə neft hasilatının dondurulmasına dair konsensusa nail olublar. APA-nın xəbərinə görə, bunu “Reuters”ə diplomatik mənbə bildirib.
Mənbənin bildirdiyinə əsasən, orta sutkalıq hasilatın 32,5 milyon barel səviyyəsinədək məhdudlaşdırılmasına dair razılıq əldə olunub.
Bildirilir ki, bununla bağlı kartel digər neft ixracatçı ölkələrini sazişə qoşulmağa çağıracaq.
OPEC baş katibi Məhəmməd Barkindo da neft hasilatının dondurulmasına dair razılaşmanı təsdiqləyib. M.Barkindo deyib ki, hasilatın sutkada 32,5-33 milyon barelədək məhdudlaşdırılmasına dair razılaşma əldə edilib.
Razılaşma noyabrın 30-da Vyanada OPEC-ə üzv ölkələrin keçiriləcəyi rəsmi toplantıdan sonra qüvvəyə minəcək.
Baki-xeber.com xəbər verir ki, bu qərar haqda xəbər yayılan kimi Brent markalı neftin qiyməti 5 faiz qalxıb və bir barrelə 48 dollar olub.