İran neft hasilatını məhdudlaşdırmayacaq, əksinə, hasilat həcmini sutkada 4 mln. barelədək artırmaq niyyətindədir. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Əlcəzairdə keçirilən beynəlxalq enerji forumunda İranın neft naziri Bijan Namdar Zanqane bildirib.
“Biz OPEK-in məşvərət görüşündə saziş imzalamağa can atmırıq. İran neft hasilatını məhdudlaşdırmayacaq və hasilat həcmini sutkada 4 mln. barelədək artırmaq niyyətindədir”, - deyə nazir qeyd edib.
O qeyd edib ki, İran OPEK-də əvvəlki payını – üzv ölkələrin hasil etdiyi neftin ümumi həcminin 13 faizini qaytarmalıdır: “Bunun üçün İran sutkada 4,4 mln. barel neft hasil etməlidir”
Bijan Namdar Zanqane neft hasilatının kvotalaşdırılmasında əvvəlki sistemin – hər ölkə üçün müəyyən limitin təyin edilməsi (hazırda bütün təşkilat üçün ümumi hədd müəyyənləşdirilir -red.) sisteminin bərpa olunmasının vacibliyini qeyd edib.
Qeyd edək ki, İran iyun-iyul aylarında sutkada 3,8 mln. barel neft hasil edib.
Baki-xeber.com xəbər verir ki, Səudiyyə Ərəbistanı bir neçə gün əvvəl, İran neft hasilatını məhdudlaşdıracağı halda onların da hasılatı azaldacağını bəyan edib. Səudiyyənin bəyanatından belə aydın olur ki, İran neft hasilatını məhdudlaşdırmayacağı halda Əlcəzair zirvəsi də nəticəsiz başa çatacaq.
Əlcəzairdə Neft İxrac edən Ölkələr Birliyi (OPEC) üzvləri və qeyri-OPEC ölkələri arasındakı danışıqları dəyərləndirən Rusiyanın enerji naziri Aleksandr Novak da zirvədə razılaşmanın olub-olmayacağına dair proqnoz verməyin çətin olduğunu deyib. Məsləhətləşmələrin hələ davam etdiyini deyən nazir bildirib ki, ilk öncə OPEC ölkələri öz aralarında razılaşmalıdır. O, bildirib ki, Rusiya üçün ən yaxşı variant neft istehsalını hazırkı səviyyədə dondurmaqdır. Səudiyyənin şərtləri...
APA-nın xəbərinə görə, Səudiyyə Ərəbistanının Əlcəzairdə OPEK ölkələrinin enerji forumunda təmsil olunan nümayəndə heyətindəki yüksək vəzifəli mənbə bir daha bəyan edib ki, İran neft hasilatının gündəlik həcmini 3,6 mln. barel səviyyəsində “donduraracağı” təqdirdə, Səudiyyə hasilatın həcmini yanvar ayı səviyyəsinə endirəcək.
“Səudiyyə Ərəbistanı ilə İran arasındakı problem diskussiyaların əsas mövzusu olub. Səudiyyə Ərəbistanı bəyan edib ki, İran neft hasilatının gündəlik həcmini 3,6 mln. barel səviyyəsində “donduraracağı” təqdirdə, o da hasilatın həcmini yanvar ayı səviyyəsinə endirəcək. Hazırda Əlcəzair nümayəndə heyəti onların mövqelərini yaxınlaşdırmağa çalışır. Lakin, nəzərə alsaq ki, İran sutkalıq hasilat həcmini 4 mln. barelədək artırmaq niyyətindədir - bu çox çətindir”, -deyə mənbə bildirib.