Əli Əlirzayev: "Bölgəyə turist axını ilbəil artır"
Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 602 milyon 760 min manatlıq ümumdaxili məhsul istehsal olunub ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz çoxdur.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, hər bir nəfərə düşən ümumdaxili məhsulun həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,9 faiz artaraq 3593,6 manata çatıb.
Muxtar Respublikada yaradılan ümumdaxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 690 milyon 988 min 800 manat həcmində məhsul istehsal edilib ki, bu da 2015-ci ilin müvafiq dövründəki göstəricini 2,7 faiz üstələyib.
Bundan başqa, qeyd olunan dövrdə 266 milyon 35 min manat həcmində kənd təsərrüfatı məhsulu istehsal olunub. Bu, 2015-ci ilin müvafiq dövründəki göstəricini 5,5 faiz üstələyib. Bu dövrdə Muxtar Respublikada diri çəkidə 12,8 min ton ət, 61,6 min ton süd istehsal edilib, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 1,7 faiz, süd istehsalı 1,4 faiz artıb.
Əhali gəlirlərinin artımı davam edir. 2016-cı ilin yanvar-avqust aylarında Muxtar Respublikada əhalinin gəlirləri 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,8 faiz artaraq 1 milyard 176 milyon 416 min 400 manat təşkil edib.
Göründüyü kimi, ötən ildən başlayaraq dünyada, ölkədə məlum səbəblərdən iqtisadi azalmanın müşahidə olunmasına rəğmən, Naxçıvan MR-də artım müşahidə olunur. Ekspertlər bunu necə dəyərləndirir?
Məsələyə münasibət bildirən iqtisadçı-alim Əli Əlirzayev bunu müxtəlif amillərlə əlaqələndirdi: "Son illər Naxçıvan MR-də böyük abadlıq-quruculuq işləri aparılıb. İstər Naxçıvan şəhərində, istərsə də MR-ə daxil olan digər rayonlarda. İnfrastruktur yenidən qurulub, yeni istehsal və xidmət sahələri tikilib. Bölgəyə turist axını ilbəil artır. Orada işin düzgün təşkil olunması və digər iqtisadi amillər ÜDM artımına səbəb olub. O üzdən, Naxçıvanda müşahidə olunan iqtisadi artım yüksəlişə doğru gedir. Böhran əlamətləri MR iqtisadiyyatında özünü göstərmir. Hesab edirəm ki, ÜDM-in orada artması çox yaxşı göstəricidir. Bu, eyni zamanda, işin yaxşı təşkil olunmasından xəbər verir". Vidadi ORDAHALLI