Vahid Məhərrəmov: "Ancaq bunun bir qədər də artırılmasına ehtiyac var"
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dövlət dəstəyi haqqında Sərəncam imzalayıb. Bununla bağlı imzalanan sərəncamda məqsəd ölkədə kənd təsərrüfatının ənənəvi sahələrindən olan pambıqçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsi, pambıq istehsalına əhalinin marağının artırılması və sosial rifahının daha da yaxşılaşdırılmasıdır.
Sənədə əsasən, emal müəssisələrinə satılmış hər kiloqram xam pambığa görə pambıq istehsalçılarına 0,1 manat subsidiya verilməsi nəzərdə tutulur. Həmçinin, subsidiya 2016-cı ildə istehsal olunan və emal müəssisələrinə satılmış xam pambığa da şamil edilir.
Nazirlər Kabinetinə emal müəssisələrinə satılmış hər kiloqram xam pambığa görə pambıq istehsalçılarına subsidiyanın verilmə qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla 15 gün müddətində müəyyən etməsi, bu sərəncamdan irəli gələn digər məsələləri həll etməsi tapşırılıb. Maliyyə Nazirliyi isə bu sərəncama uyğun olaraq maliyyələşməni təmin etməlidir.
O da məlumdur ki, son dövrlər ölkə Prezidenti pambıqçılığın inkişafı ilə bağlı bir sıra qəti tapşırıqlar verib və bu istiqamətdə bir sıra işlərin görülməsi artıq həyata keçirilir. Belə ki, bu sahənin inkişafına dövlət qayğısının artırılması ilə yanaşı, əlavə digər tədbirlərin də görülməsi nəzərdə tutulur. Bütün bunlarla yanaşı, emal müəssisələrinə satılmış hər kiloqram xam pambığa görə pambıq istehsalçılarına 0,1 manat subsidiya verilməsini ekspertlər necə dəyərləndirir?
Məsələyə münasibət bildirən kənd təsərrüfatı sahəsi üzrə mütəxəssis Vahid Məhərrəmovun sözlərinə görə, pambıqçılıqla bağlı fermerlərə subsidiyanın verilməsi yaxşı haldır: "Ancaq hesab edirəm ki, verilən subsidiyanın həcminin bir qədər də artırılmasına ehtiyac var. Məsələ ondadır ki, pambığın fermerlərdən alış qiyməti çox ucuzdur. Qonşu İranda, Türkiyədə 1 kiloqram pambığı 90 sentdən baha alırlar. Ancaq Azərbaycanda 1 kiloqram pambığı 33 sentə, yəni 50 qəpiyə qəbul edirlər. Bu da fermerlərdə narazılıq yaradır. Onlar bunu onunla əsaslandırır ki, pambığın becərilməsinə çəkilən xərc bundan çoxdur. Alış qiyməti indiki şəraitdə qaneedici deyil. O üzdən istəyirlər ki, xərcin bir hissəsini MTK-lar kompensasiya etsin. Ona görə də 10 qəpik tam yetərli deyil, növbəti mərhələdə subsidiyanın həcmi artırılsa, daha yaxşı olar. Fermerlərə, pambıq istehsalı ilə məşğul olan kəndlilərə subsidiya verilməsi yaxşı haldır. Ancaq bu hələ azdır. Digər tərəfdən çalışmaq lazımdır ki, kəndlilər, fermerlər emalla məşğul olub öz məhsullarını dünya bazarına çıxarsın. Bu səbəbdən onlar keyfiyyətli, ucuz, rəqabət qabiliyyətli məhsul istehsalında maraqlı olsun. Bu il əsasən bələdiyyə və yerli icra qurumları pambıq əkinində maraqlı olub. Elə etmək lazımdır ki, fermer və kəndlilər bunda maraqlı olsun".
Vidadi ORDAHALLI