Xəyal Məmmədxanlı: "Sığorta sahəsində çalışanların sayının azalması açıqlanan statistik rəqəmdən yüksək ola bilər, çünki rəsmi işçilərlə yanaşı, qeyri-rəsmi çalışanlar da var idi"
Bu ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatının maliyyə və sığorta fəaliyyəti sahəsində muzdla çalışan işçilərin sayı 26,7 min nəfər, onların orta aylıq nominal əməkhaqqı 1 202,2 manat təşkil edib.
Bildirilib ki, ötən ilin eyni dövrü ilə müqayisədə maliyyəçilərin sayında 4,6 min nəfər və ya 15 % azalma olub. 2015-ci ilin müvafiq dövründə işçilərin sayı 31,3 min nəfər, onların orta aylıq nominal əməkhaqqı isə 1 205,8 manat təşkil edib.
Statistikaya əsasən, son 26 il ərzində maliyyə sahəsində muzdla çalışan işçilərin sayında ən aşağı göstərici isə 1998-ci ildə (5,4 min nəfər) qeydə alınıb. Bu göstərici 2005-ci ildə 18,1 min nəfər, 2010-cu ildə 24,4 min nəfər, 2011-də 26,3 min nəfər, 2012-ci ildə 26,9 min nəfər, 2013-cü ildə 30,6 min nəfər, 2014-cü ildə 32,8 min nəfər, 2015-ci ildə 33 min nəfər təşkil edib.
Rəsmi statistikaya əsasən, 2014-cü ildə maliyyə və sığorta fəaliyyəti üçün 6 785 nəfər işə qəbul edilib, 4 403 nəfər işdən kənarlaşdırılıb. Bunlardan 3 484 nəfəri öz xahişi ilə işdən çıxıb, 204 nəfəri ixtisara düşüb, 715 nəfər isə digər səbəblərə görə peşəsindən əl çəkib.
Son nəticədə bu ilin ilk 7 ayında maliyyə və sığorta sahəsində çalışanların sayı 6,3 min nəfər və ya 19,1 % azalıb.
Xatırladaq ki, sentyabrın 1-nə olan məlumatlar oktyabrın ikinci yarısında açıqlanacaq.
Maliyyə və sığorta sahəsində çalışan işçilərin sayının 19 faiz azalması barədə fikir bildirən maliyyə-sığorta məsələləri üzrə ekspert Xəyal Məmmədxanlı "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, bu gözlənilən idi. Çünki ard-arda bankların bağlanması çoxlu sayda işçinin işsiz qalması deməkdir: "Bu il ərzində 8 bankın fəaliyyəti dayandırılıb. Bağlanan bankların işçilərinin bir qismi hazırda işsizdir. Nəzərə almaq lazımdır ki, "Texnika Bank"ın çox güclü işçiləri var idi. Lakin o işçilərin bəzisi bu gün hələ də iş axtarır".
Həmsöhbətimiz sığorta sahəsində də eyni vəziyyətin müşahidə olunduğunu dilə gətirdi. Onun sözlərinə görə, bəzi sığorta şirkətlərinin filialları bağlanıb. Regional sığorta şirkətlərinin əksəriyyətinin filialları birləşdirilib: "Mən deyərdim ki, sığorta sahəsində çalışanların sayının azalması açıqlanan statistik rəqəmdən yüksək ola bilər. Bəllidir ki, sığorta agentliklərində rəsmi işçilərlə yanaşı, qeyri-rəsmi işləyənlər də var idi. Onların da işsiz qalması nəzərə alınsa, rəqəm daha çox olar".
Günel CƏLİLOVA