"Təəssüflər olsun ki, bəzi "iş adamları" və vətəndaşlar onlara verilmiş imtiyazlardan sui-istifadə edərək bəzi məhsulları istehlak məqsədi üçün gətirir, sonra isə satışa çıxarır". "APA-Economics" xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev bildirib.
"Mən bunu dəfələrlə qeyd etmişəm, bir daha qeyd etmək məcburiyyətindəyəm. Bəzi "iş adamları və ya vətəndaşlar, xüsusilə sərhədyanı bölgələrində yaşayanlar, onlara qanunla verilən imtiyazlardan sui-istifadə edir. Nəticədə onlar bir sıra məhsulları şəxsi istehlak üçün gətirdiyini bəyan etsə də, sonradan o məhsulları satışa çıxarır. Bəli, daha çox problemlər siqaretlərlə bağlıdır. Lakin artıq normativ-hüquqi baza ayda yalnız 1 dəfə 3 blok siqaretin gətirilməsinə imkan verir. Təəssüflə onu da qeyd etməliyəm ki, bundan da sui-istifadə edənlər var. Son zamanlar elə bir gün yoxdur ki, gömrükçülər qaçaqmalçılıq yolu ilə ölkəyə külli miqdarda siqaret keçirilməsinin qarşını almasın. Siqaret qaçaqmalçılıq faktlarına daha çox Gürcüstan, İran, Rusiya istiqamətində rast gəlinir", - deyə sədr qeyd edib.
"Caspian European Club"un təşkilatçılığı keçirilən biznes forumda isə A. Əliyev gömrük rəsmiləşdirilməsində qanun pozuntusuna yol verən sahibkarlara xəbərdarlıq edib: "Mən iş adamlarının və mətbuat nümayəndələrinin burada olmasından istifadə edərək "ikili invoys"la işləyən sahibkarlara bu cəhdlərindən əl çəkmələrinə çağırıram. Biz istəməzdik ki, iş adamları əziyyət çəksinlər. Lakin bu o demək deyil ki, artıq rəsmiləşdirilməsi bitmiş mallar üzərində biz öz tədqiqatımızı davam etdirməyəcəyik. Biz əməkdaşlıq etdiyimiz digər ölkələrin gömrük orqanları ilə qiymətlərin müəyyən edilməsi ilə bağlı da addımlar atırıq və sonra da əldə edilmiş rəsmi məlumatlara əsasən həmin idxalçıların büdcə ödəmələrini tam şəkildə həyata keçirməsinə nail oluruq".