Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) sığortalanan manatda əmanətlər üzrə maksimum faiz dərəcəsini 12-dən 15 faizədək artırıb. Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Banklar Assosiasiyasının rəhbəri Zakir Nuriyev deyib.
ADIF-in icraçı direktoru Azad Cavadov Trend-ə bildirib ki, müvafiq qərar bu gündən qüvvəyə minəcək: "Manatda sığotalanan əmanətlər üzrə maksimum faiz dərəcəsinin artırılması barədə qərarı bu gün səhər saatlarında qəbul etmişik. Bu yalnız milli valyutadakı əmanətlərə aiddir".
Zakir Nuriyev deyib ki, Azərbaycanda manatın xarici valyutalara qarşı mübadilə məzənnəsinin müəyyənləşdirilməsi zamanı tətbiq edilən 4 faizlik marjanın dəyişdirilməsinə ehtiyac yoxdur.
O bildirib: "Biz marjanın dəyişdirilməsinə hazırda ehtiyac görmürük, çünki bu dəhliz valyuta bazarında spekulyasiyanın qarşısını alır. Bundan başqa, bu dəhlizin tətbiqi bankları vəsaitlərini 4 faizlik gəlirlə reallaşdırmağa stimullaşdırır".