Azərbaycan Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda istehsalın bərpa edilməsindən sonra Aİ-92 markalı benzinin idxalını dayandırıb. Trend-in məlumatına görə, bunu jurnalistlərə SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.
Onun sözlərinə görə, NEZ-də təmir müddəti ərzində ölkəyə təqribən 30 min ton benzin idxal edilmişdi.
R.Abdullayev qeyd edib ki, hökumətin Aİ-92 benzinin idxalına tətbiq etdiyi gömrük rüsumlarına baxmayaraq, SOCAR bir neçə milyon dollaradək zərər görüb, çünki idxal olunan benzinin qiyməti onun daxili bazardakı dəyərindən iki dəfə çoxdur.
Rövnəq Abdullayev onu da deyib ki, SOCAR gələn il üçün şirlətin büdcəsində 1 barel neftin qiymətini 40 dollardan hesablamağı planlaşdırır. Onun sözlərinə görə, hazırda SOCAR gələn il üçün büdcəsinin formalaşdırılması üzərində işləyir.
R.Abdullayev qeyd edib ki, Azərbaycan dövlət büdcəsində neftin hansı qiymətdən hesablanacağına dair məlumatı yoxdur.