Məlum olduğu kimi, 23 oktyabrdan etibarən Iranda fəaliyyət göstərən bəzi şirkətlərdən ərzaqlıq kartof məhsulunun idxalına müvəqqəti qadağa qoyulub. Səbəbsə həmin şirkətlərə məxsus məhsullarda karantin tətbiq edilən zərərli orqanizmlərin aşkar olunmasıdır.
Qonşu dövlətin ərzaqlıq kartof məhsulları ilə bağlı əsas idxalçılardan olduğunu nəzərə alsaq, problemin daxili bazarda kartof qıtlığı yarada biləcəyi və bunun qiymət artımına gətirib çıxaracağı ehtimal edilir. Ekspertlər hesab edir ki, yaxın müddətdə Azərbaycanda adıçəkilən məhsulun satış qiyməti yüksələcək.
“İran məhsulları keyfiyyətsizdir, bu ölkədən ölkəmizə birmənalı olaraq keyfiyyətsiz, insan sağlamlığı üçün təhlükəli…”
Iqtisadçı Kamran Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, İran məhsulları keyfiyyətsizdir. Bu ölkədən ölkəmizə birmənalı olaraq keyfiyyətsiz, insan sağlamlığı üçün təhlükəli, insan orqanizminə zərər vuran kimyəvi tərkibə malik məhsul ixrac edilir.
Ekspert hesab edir ki, qadağa əsla kartof qıtlığına səbəb ola bilməz, çünki yetərincə yerli istehsal var: “Azərbaycanda da kartof istehsalı kifayət qədərdir. Hazırda bazarda heç bir təhlükə mövcud deyil və belə bir təhlükənin ortaya çıxacağına da heç bir əsas yoxdur”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, son zamanlar İrandan idxal olunan məhsulların istifadəyə yararsız olması ilə bağlı məlumatlar yayılır: “İdxal edilən məhsullarına istifadəyə yararsız olduğu aşkar edilirsə həmin məhsul dərhal ya geri göndərilir, ya da zərərsizləşdirilir. Bəzi məhsulların idxalının dayandırılması istər-istəməz bazara təsir edəcək. Qiymət artımı çox yox, müəyyən dərəcədə hiss edilə bilər. Ancaq bu hal uzunmüddətli olmayacaq”.
Ekspert onu da əlavə etdi ki, kartofun qiymətində artım müşahidə olunarsa bunun səbəb tək İranla bağlı ola bilməz: “Əkinçilərin kartof becərilməsinə olan marağı azalıb. Əkinçi kartofu min bir əziyyətlə əkib becərir, yetişəndə isə məhsulu əlində qalır. Fermerlər məhsulu mümkün qədər tez satışa çıxarmalıdır. Əks halda məhsulları əllərində qalacaq, zərərə uğrayacaqlar. Çünki saxlanma anbarları yox səviyyəsindədir. İdxal məhsulları isə öz növbəsində baha qiymətə satışa çıxarılır və bir çox hallarda orqanik olmur”.
Günel CƏLİLOVA