Azərbaycanda vətəndaşların banklardan xarici valyuta, xüsusilə də dollar alışına qoyulan məhdudiyyətlər davam edir. Bu məhdudiyyətlərin bir qismi rəsmi - tənzimləyici orqan olan Mərkəzi Bankın yazılı təlimatları əsasında, bir qismi isə hər hansı ictimai açıq təlimat olmadan tətbiq edilir.
Banklarda manatı xarici valyutaya çevirəndə gəlirin mənbəyini göstərmək tələb edilir. Bunun üçün xüsusi sənəd doldurulmalıdır. Həmin sənəddə şəxsin yaşayış ünvanı və iş yeri qeyd edilməlidir. Bu isə vətəndaşlar arasında narazılığa səbəb olur.
“Gəlirin mənbəyi, ünvan, iş yeri, maaş kimi özəl məlumatlar ona görə tələb edilir ki, vətəndaş bu cür tələbdən qorxsun və xarici valyuta alışından çəkinsin”
Bank sahəsi eksperti Əkrəm Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, gəlirin mənbəyi, ünvan, iş yeri, maaş kimi özəl məlumatlar ona görə tələb edilir ki, vətəndaş bu cür tələbdən qorxsun və xarici valyuta alışından çəkinsin. Çünki vətəndaş bankda başqa əməliyyat aparanda ondan bu barədə məlumatlar soruşmurlar: “Gəlirin mənbəyi ancaq xarici valyuta alan zaman tələb edilir. Bankların bunu etməkdə məqsədi xarici valyutanın alınmasını əngəlləməkdir. Məlumdur ki, banklar qeyri-rəsmi bir limit müəyyən ediblər – illik 20 min manat. Hər bir vətəndaş il ərzində bundan çox xarici valyuta alanda onu sorğu-sual edirlər. Bunu vətəndaş xarici valyuta almasın deyə edirlər. Əslində limit üçün heç bir əsas yoxdur. Bu limiti hansı qrup müəyyən edib, məlum deyil. Belə məlum olur ki, banklar özləri müəyyənləşdirib. Şəxs manatı xarici valyutaya çevirən zaman artıq bank bilir ki, həmin adam il ərzində nə qədər valyuta alıb. O şəxs digər banka da getsə, bundan əvvəlki bankda nə qədər valyuta dəyişdirdiyi məlum olacaq. Bu əslində bank sirrinin pozulmasıdır. Bankın nə ixtiyarı var ki, bu məlumatı sistemə daxil edir və digər banklar da görür bunu? Niyə digər banklar mənim bank əməliyyatlarımı görməlidir? Bu, Mülki Məcəlləyə, banklar haqqında qanuna ziddir”.
Günel CƏLİLOVA