Məlum olduğu kimi, 19 oktyabr tarixində “Muğan Bank” ASC ləğv edilib. Səbəb bankın məcmu kapitalının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olmasıdır. Yəni məcmu kapitalının adekvatlıq əmsalının üç faizdən az olması, cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyi, daxili idarəetmə və nəzarət prosedurlarının adekvat olmadığı bankın bağlanmasına səbəb olaraq göstərilib.
Onu da qeyd edək ki, bir neçə ay əvvəl “Günay Bank” da eyni səbəbdən bağlandı.
“Günay Bank”ın ləğvindən bir müddət sonra Azərbaycan Mərkəzi Bankının sədri (AMB) Taleh Kazımov jurnalistlərə açıqlamasında ölkədə ciddi problemi olan bankın olmadığını bildirmişdi: “Azərbaycanda hər hansı bankın bağlanacağını deyən ekspertlər fakt göstərməli, iddialarını əsaslandırmalıdır. Mən fərziyələri şərh etmirəm. Hazırda ölkədə ciddi problemi olan bank yoxdur”.
“Muğan Bank”ın bağlanması fonunda AMB sədrinin açıqlaması yenidən gündəmə gəlib.
Xalid Kərimli: “AMB vəziyyəti sağlamlaşdırmaqdansa, bankı ləğv etməyə üstünlük verdi”
İqtisadçı-ekspert Xalid Kərimli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, “Muğan Bank”ın 2022-ci il hesabatında problem var idi: “Azərbaycan Mərkəzi Bankının (AMB) açıqlamasında “Muğan Bank”ın lisenziyasının ləğv edilməsinin şərtləri izah olunub. Nəzarətçi orqan olduğu üçün mütəmadi yoxlamalar keçirdiyinə görə səbəblərini Mərkəzi Bankdan yaxşı bilən yoxdur. Mərkəzi Bank cəmiyyətə təqdim etməli olduğu hissəni elan edib. “Muğan Bank”ın 2022-ci il maliyyə hesabatına diqqət etsək görərik ki, audit hesabatı tam şərtli verilmişdi. Maliyyə hesabatına tam təminat vermirdilər. AMB vəziyyəti sağlamlaşdırmaqdansa, bankı ləğv etməyə üstünlük verdi. AMB ləğv olunmanı müəyyən qədər izah edib. Daxili nəzarətə, hesabat qaydalarına riayət olunmamasını, kapital yetərsizliyini bu qərar üçün əsas hesab edib. Bu da müəyyən fikir formalaşdırır. Mərkəzi Bank əvvəl daha çox bankları sağlamlaşdırmağa cəhdlər edir, səhmdarların işlərini tənzimləyir və əlavə vəsaitlər tələb edirdi”.
İqtisadçı hesab edir ki, “Muğan Bank” ASC-nin ləğvi bank sektoru üçün ciddi təhlükə yaratmayacaq: “Lakin “Günay Bank”dan sonra “Muğan Bank”ın bağlanması insanlarda bu sahəyə inamı itirəcək. Çünki hər an problem yaranacağından ehtiyat edəcəklər. Şirkətlər kiçik və etibarsız hesab edəcəkləri banklarla əməkdaşlıq etməyəcəklər. Bu isə bank sektorunda təmərküzləşməyə gətirib çıxaracaq”.
Əkrəm Həsənov: “Mərkəzi Bank “MuğanBank”a müəyyən müddət də tanıdı, bəlkə vəziyyətdən çıxa bildi deyə, lakin....”
Bank sahəsi üzrə mütəxəssis Əkrəm Həsənov bildirdi ki, bu il bağlanan iki bankdan "GünayBank" bağlanmağa layiq deyildi, onun çətinlikdən çıxmaq üçün imkanları vardı. Amma “MuğanBank”da belə imkan yoxdur: “ Bu bankda idarəetmə keçmiş “StandardBank”, ATABank və digərlərindəki kimi anormal idi - bank sahibləri müştəri vəsaitlərindən öz biznesləri üçün istifadə edirdilər, çoxsaylı təminatsız kreditlər verilirdi. Bu isə bank fəaliyyəti üçün ən təhlükəli və zərərli prosesdir. Buna görə də onun bağlanması düzgün addımdır. Mərkəzi Bank “MuğanBank”a müəyyən müddət də tanıdı, bəlkə vəziyyətdən çıxa bildi deyə. Çünki kifayət qədər böyük bankdır. Lakin bank vəziyyətdən çıxa bilmədi".
Günel CƏLİLOVA