Sığorta agentləri əhalini qorxudur ki, əmlaklarını sığora etdirməsələr, cərimələnəcəklər. Onların bu səlahiyyəti yoxdur. Bunu Milli Məclisin iclasında “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.
O qeyd edib ki, bu məsələ ilə bağlı sığorta şirkətlərinə və agentlərinə xəbərdarlıq edilib. “Biz istehlakçılardan narahatlıqlar eşidirik. Sığorta şirkətlərinə də, agentlərinə də xəbərdarlıq etmişik ki, istehlakçılara SMS-lər göndərmək, zənglər etmək onların səlahiyyətində deyil”, - deyə o əlavə edib.
Maraqlıdır, Mərkəzi Bankın sədri niyə iyunun 1-nə qədər sığorta şirkətlərinin əhalini cərimə etməklə hədələməsinin qanunsuz olduğunu demədi? Axı 1 iyuna qədər sözügedən şirkətlər istədikləri qədər sığorta pulu yığıblar.
“Zamanında Mərkəzi Bankın buna reaksiya verməməsi qurumun da sığorta şirkətləri qədər günahkar olduğunu göstərir”
Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən iqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazovun fikrincə, bütün bu baş verən qanunsuzluqlara görə Mərkəzi Bank da sığorta şirkətləri qədər məsuliyyət daşıyır: “Çünki həmin müddət ərzində əhali arasında panika və qeyri-müəyyənlik yaşandı. Bir sıra ekspertlər, hüquqşünaslar bunun qanunsuz olduğunu desələr də, Mərkəzi Bank tərəfindən hər hansı bir reaksiya olmadı. Nəticədə sığorta şirkətləri əhalini soymaqla məşğul oldular. Bir çoxları məhz cərimələnəcəyindən çəkinərək ödəniş etdi. Ödənişdən sonra, daha dəqiq desək, iyunun 1-dən sonra məlum olur ki, sığorta agentlərinin əhalini cərimələrlə qorxutması qanunsuz imiş. Zamanında Mərkəzi Bankın buna reaksiya verməməsi qurumun da sığorta şirkətləri qədər günahkar olduğunu göstərir. Buna görə Mərkəzi Bank da məsuliyyət daşıyır. Ümumilikdə, ölkəmizdə daşınmaz əmlakın icbari sığortası ilə bağlı tələblər çoxdan mövcuddur. Əmlakının sığortalanması hər kəsin şəxsi işi olsa da, heç bir məntiqin olmamasına baxmayaraq, belə bir qayda hələ 2011-ci ildə qəbul edilmiş “İcbari sığorta növləri haqqında” qanunda qeyd olunub. Düzdür, uzun illər bu, yada düşmürdü, amma bir neçə il əvvəl sığorta şirkətləri bu qanunvericiliklə silahlanıb hücuma keçdi. Vətəndaşlara sığortasız olduqları halda cərimə olunacağı deyildi. İş o yerə çatdı ki, sığorta şirkətləri bildirişlər göndərməyə başladı, xidmətlərini təklif etməkdənsə, maliyyə sanksiyaları ilə qorxutmağa başladılar. Pandemiya zamanı bütün bunlar səngidi. Pandemiyadan sonra yenidən qabardı. Məcburi sığorta kampaniyası 2019-cu ildə sığorta şirkətləri tərəfindən başlayıb, lakin sonra onlar ictimai təzyiq altında geri çəkiliblər. Bütün hallarda, qanuna dayanmadan vətəndaşları cərimələməklə qorxutmaq ciddi pozuntudur. Buna görə sığorta şirkətləri qanun qarşısında cavab verməlidir”.
Vidadi ORDAHALLI