Türkiyə Mərkəzi Bankının Pul komitəsi uçot faiz dərəcəsinə (bir həftəlik repo faizi) dair faiz qərarını verib. TCMB uçot faiz dərəcəsini 8.5%-dən 15.0%-ə qədər qaldırıb. Bu, 2021-ci ilin noyabr iclasından bu tərəfə onun ən sərt monetar siyasətidir. Bu, konsensus olaraq iqtisadçılar tərəfindən proqnozlaşdırlan 20% səviyyəsindən aşağıdır.
“Pul komitəsi dezinflyasiya kursunu tez bir zamanda qurmaq, inflyasiya gözləntilərini möhkəmləndirmək və qiymət davranışının pisləşməsinə nəzarət etmək üçün pul siyasətini sərtləşdirmə prosesinə başlamaq qərarına gəlib”- deyə, TCMB bildirir. Bu xəbərdən sonra Türk lirəsi ABŞ dollarına qarşı 2.78% ucuzlaşmaqla 24.2256 lirə səviyyəsinə düşdü.
Türkiyədə Ərdoğan yenidən prezident seçildikdən sonra tanınmış iqtisadçı Mehmet Şimşeyi xəzinə və maliyyə naziri təyin edib. Bu təyinatdan sonra investorlar tərəfindən M.Şimşəyin və eləcə də TCMB-nin yeni rəhbəri xanım Hafize Gaye Erkanın ölkədə indiyə qədər yürüdülən ultra-yumşaq və eləcə də qeyri-ənənəvi (çünki ölkədə yüksək inflyasiya şəraitində faizləri endirmişdilər) siyasətinə qarşı çıxacağı və ənənəvi siyasətə davam edəcəyi təxmin edilirdi.
Bütün bu radikal islahatların fonunda qardaş ölkədə nə gözlənilir? Bunun Azərbaycana hansı təsirləri ola bilər?
“Mövcud uçot stavkası Azərbaycan iqtisadiyyatına birbaşa təsir göstərməyəcək”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən millət vəkili Vüqar Bayramov bütün bunlara bir neçə aspektdən yanaşdı: “Türkiyə Mərkəzi Bankının əsas hədəfi ölkədə inflyasiyanın tənzimlənməsi və cilovlanmasıdır. Uçot dərəcələrinin artırılması da birbaşa bununla bağlıdır. Çünki uzun müddət uçot dərəcələri ilə bağlı bir konservativ yanaşma var idi. Xüsusən də 2022-ci ilin yekunları göstərdi ki, bu konservativ yanaşma istehlak bazarında qiymətlərin optimallaşmasına imkan vermir. Artıq Türkiyə hökumətində yeni komanda formalaşıb. Yeni komanda praktik olaraq uçot stavkası daxil olmaqla pul-kredit siyasətinə həm fərqli, həm də müstəqil aspektdən yanaşır. Bu baxımdan gözlənilir ki, burada məqsəd bütövlükdə istehlak bazarında qiymətlərin optimallaşdırılmasına nail olmaq və eləcə də lirə ilə yığımları təşviq etməkdir. Çünki bir tərəfdən lirənin də dollara nisbətdə məzənnəsində azalmalar var. Ona görə də uçot dərəcəsinin artırılması həm lirə ilə yığımlara, həm də istehlak bazarında qiymət artımlarının qarşısının alınması və qiymətlərin optimallaşmasına ünvanlanmış bir addımdır. Azərbaycan üçün Türkiyə iqtisadiyyatında stabilliyin əldə edilməsi, qiymətlərin optimallaşdırılması vacibdir. Ancaq nəzərə almaq lazımdır ki, mövcud uçot stavkası Azərbaycan iqtisadiyyatına birbaşa təsir göstərməyəcək. Çünki nəticə etibari ilə biz uçot stavkasının daha çox Türkiyə iqtisadiyyatına ünvanlandığını müşahidə edirik. Ancaq təbii ki, Türkiyə iqtisadiyyatının stabilləşməsi növbəti mərhələdə iki ölkə arasında ticarət dövriyyəsinə də pozitiv təsir göstərə bilər. Bu isə nəticə etibari ilə iki ölkə arasında ticarət dövriyyəsinin 10 milyard dollara qədər artmasına gətirib çıxara bilər”.
Vidadi ORDAHALLI