“İki qurumun inlfyasiya proqnozları arasındakı fərq normaldır”. Trend xəbər verir ki, bu barədə iyunun 12-də Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.
“Burada bildirildi ki, inflyasiya proqnozdan daha yüksək olacaq. Amma mən yenə bildirirəm ki, buna az inanıram. Mərkəzi Bank inflyasiyanı 8,3 % olaraq proqnozlaşdırıb. İki qurumun inlfyasiya proqnozları arasındakı fərq normaldır. İqtisadiyyat Nazirliyinin verdiyi proqnozlar orta illik inflyasiyanın göstəricisidir. Mərkəzi Bank isə rüblük inflyasiya proqnozları verir. Bu isə keçən ilin istehlak səbəti ilə bu ilin istehlak səbətinin müqayisəsidir”, - deyə o qeyd edib.
T.Kazımov vurğulayıb ki, bu aydan AMB həm inflyasiya proqnozları verəcək, həm də iqtisadiyyatın digər sahələrinə dair proqnozlar açıqlayacaq. “Bura ÜDM, qeyri-neft ÜDM-i və digər makroiqtisadi göstəricilərə dair aktiv proqnozlaşdırma daxil olacaq. Bunu ildə dörd dəfə, yəni rüblük olaraq edəcəyik. Bu, beynəlxalq bir praktikadır", - deyə o qeyd edib.
Azərbaycan Mərkəzi Bankı da, İqtisadiyyat Nazirliyi də, hər ikisi dövlət qurumudur. Bu halda, bu iki dövlət qurumunun inflyasiya ilə bağlı proqnozlarında niyə fərq olmalıdır ki?
“O deməkdir ki, dövlət qurumları bir-biri ilə əlaqəli şəkildə işləmir”
"Liberal İqtisadçılar” Mərkəzinin sədri Akif Nəsirli “Bakı-Xəbər”ə açıqlamasında “AMB və İqtisadiyyat Nazirliyinin inflysiya barədə proqnozlarının fərqli olması və bunu da Taleh Kazımovun normal sayması o deməkdir ki, dövlət qurumları bir-biri ilə əlaqəli şəkildə işləmir. Yəni elə bilin ki, bir ansambldır və hər kəs öz istədiyi not üzərində çalır, hərə öz istədiyini edir, bəyəndiyi üsuldan istifadə edir. Bənzər hadisə əvvəllər də Azərbaycan hökumətinin müxtəlif qurumları arasında baş verib. Tutaq ki, İqtisadiyyat Nazirliyi ilə Vergilər Nazirliyi vergilər barədə bir-birindən tamamilə fərqlənən proqnozlar veriblər. Bu müsbət iş deyil. Yəni dövlət qurumları komanda şəkilində eyni fəlsəfəyə uyğun işləməlidir. Burada fərqlər yalnız o dövlət qurumlarının fəaliyyət göstərdiyi sahədə olmadır. Eyni fəlsəfə ilə Mərkəzi Bank İnflyasiya proqnozlaşdırır, maliyə, fiksal siyasət həyata keçirir. İqtisadiyyat Nazirliyi də həmçinin eyni fəlsəfə ilə özünə aid olan sahələrdə fəaliyyət göstərir. Hətta Daxili İşlər Nazirliyi də hökumətin fəaliyyətinin eyni fəlsəfəsinə uyğun hərəkət etməlidir”- deyə bildirdi.
A.Nəsirli deyir ki, hökumət üzvləri, hökumətin strukturları bir ansambl şəklində fəaliyyət göstərməlidir, onların proqnozları arasında fərq olmalıdır. “Dövlət qurumları hamısı bir mərkəzdən idarə edilməlidir və eyni fəlsəfəyə uyğun olaraq fəaliyyətlərini qurmalıdır. Taleh Kazımovun “fərq normaldır” deməsi və AMB-ın inflyasiya ilə bağlı proqnozlarının İqtisadiyyat Nazirliyinin verdiyi proqnozlardan fərqləndiyini açıqlaması nə deməkdir? Yəqin ki, Mərkəzi Bank inflyasiyanı proqnozlaşdırarkən başqa metodologiyadan istifadə edir, İqtisadiyyat Nazirliyi isə tamamilə ayrı metodologiyadan istifadə edir. Eyni məsələni bir hökumətdə təmsil olunan ayrı-ayrı dövlət qurumlarının fərqli metodologiya ilə proqnozlaşdırması müsbət hal deyil. Qeyd etdiyim kimi, demək burada əlaqəli işləmək, bir-biri ilə qarşılıqlı əlaqlələr şəkilində fəaliyyət göstərmək məsələsi yoxdur”.
A.Nəsirli hesab edir ki, İqtisadiyyat Nazirliyinin verdiyi proqnoz reallığa daha yaxındır, amma bütün hallarda ölkənin Mərkəzi Bankının verdiyi proqnoz daha mötəbər olmalıdır. “Düzdür, mən də Mərkəzi Bankın proqnozları ilə razı deyiləm. Amma məsələ burasındadır ki, mən hökumət üzvü deyiləm, vətəndaş cəmiyyətinin nümayəndəsiyəm. Vətəndaş cəmiyyətinin nümayəndəsi ilə dövlət qurumunun proqnozları arasında fərqin olması normal haldır, amma hökumətin iki qurumunun eyni məsələ barədə fərqli mövqelər sərgiləməsi təqdirəlayiq hal deyil. Bu da normal qarşılana bilməz”-deyə qeyd edən A.Nəsirlinin fikrincə, bu, hökumətin bəzi dövlət qurumlarının əlaqələi şəkildə işləməyi bacarmamasının göstəricisidir.
Leyla QARAXANLI