Azərbaycanda pambıqçılıqda subsidiya mexanizminin effekt vermədiyi bildirilir. Hesablama Palatasının məlumatına əsasən, pambıqçılıq üzrə ödənilmiş ümumi subsidiya 2019-cu ilə nisbətən 2020-ci ildə 59,7 faiz artaraq 47,1 milyon manata, 2021-ci ildə isə 82 faiz çoxalaraq 53,7 milyon manata yüksəlib. Amma məhsuldarlıq 2021-ci ildə 28,5 sentner/hektar olmaqla əvvəlki iki ilin müvafiq göstəriciləri ilə müqayisədə, müvafiq olaraq, 3,4 və 14,9 faiz azalıb.
Hesabata görə, istehsalda da azalma var. Ölkə üzrə istehsal həcmi 2021-ci ildə 287 min ton olub. Əvvəlki iki ilin göstəricilərinə nisbətən, müvafiq olaraq, 2,8 və 14,8 faiz azalıb.
“Pambığın inkişaf etdirilməsi, istehsalı Azərbaycanda heç cür məqsədəuyğun deyil”
Iqtisadçı Akif Nəsirli bildirdi ki, Azərbaycanda pambıqçılıq sahəsi inkişaf etmir: “Bu sahəyə nə qədər subsidiya verilsə və sahələr genişləndirilsə də, Azərbaycanın iqlimi pambıqçılıq üçün uyğun deyil. Sovet dönəmindən misal gətirirlər, həmin dövrdə Azərbaycanda istehsal edilən pambıq Özbəkistanın Səmərqənd şəhərindəki pambıq zavodunda tayalanıb qalırdı, yanıb məhv olurdu. O pambıqdan istifadə olunmurdu. Sadəcə olaraq, əhalinin məşğulluğunu təmin etmək SSRİ-nin siyasəti idi. Azərbaycandan neft aparırdı, neftin dəyərinin 20 faizi qədərində pambıqçılığa vəsait ayırırdı. Bununla da məsələni həll edirdi. Orada hədəf pambıq istehsalını genişləndirmək deyil, əhalini işlə təmin etmək idi. Sonda da proses göstərdi ki, pambıq səmərə vermir, liflərindən istifadə eləmək olmur. Azərbaycana rəhbərlik səviyyəsində dedilər ki, bizə pambıq əvəzinə pul gətirin”.
A.Nəsirli hesab edir ki, pambıq üçün ayrılan ərazilər kənd təssərrüfatının digər sahələrinə verilməlidir: “Pambıqçılığın inkişafında bir kriteriya var. Hansı ölkənin ərazisində yüksək məhsuldarlığı olan pambıq sortu yetişmirsə, orada pambıqçılığı inkişaf etdirmək çətin məsələdir. Bizdə də onlar yetişmir. Pambıqçılıqdan ildə ən yaxşı halda 250-300 milyon vəsait götürə bilərik. Eyni zamanda, biz digər kənd təsərrüfatı məhsullarının ölkəyə idxalı üçün hər il 2 milyard dollar ətrafında vəsait xərcləyirik. Amma pambığın gətirə biləcəyi 250 milyondan imtina edib, onun ərazisini digər kənd təsərrüfatı məhsullarına, məsələn, taxıla, bostan-tərəvəz bitkilərinə, heyvandarlıq məhsullarına – yonca, qarğıdalı, yem bitkilərinə versək, həmin idxalı 80-90 fazi aşağı sala bilərik. Pambığın inkişaf etdirilməsi, istehsalı Azərbaycanda heç cür məqsədəuyğun deyil. Əvvəldən buna münasibətimizi bildirmişik, indi bütün əsaslandırmanı, səbəbləri sadalamaq mümkün deyil”.
Günel CƏLİLOVA