“Azərbaycanda dövlət zəmanəti ilə alınan kreditlərin bir hissəsi yaxşı, xeyli hissəsi isə bərbad istifadə olunur”. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Əli Məsimli bildirib.
"Bir sıra ölkələrdə dövlətin birbaşa borcu az olsa da, dövlət zəmanəti ilə alınan kreditlər birbaşa borcdan 10 dəfələrlə çoxdur, hətta onların valyuta ehtiyatlarını da üstələyir. Buna görə də hesab edirəm ki, ən çox diqqət yetirilməli məsələlərdən biri dövlət zəmanəti ilə alınan kreditlərə nəzarət mexanizminin artırılmasıdır" deyə o qeyd edib.
Maraqlıdır, bu sahəyə necə nəzarət olunmalıdır?
“Dövlət zəmanəti ilə kredit götürən şirkətlərin adı ictimaiyyətə açıqlanmalıdır, ən əsası həmin kreditin nə məqsədlə istifadə ediləcəyi də bəyan edilməlidir”
Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, dövlət zəmanəti ilə alınan kreditlərdə ciddi nəzarət olunmalıdır: “Hansısa dövlət şirkəti, məsələn SOCAR, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti, "Azərbaycan Dəmir Yolları" QSC və ya digərləri dövlət zəmanəti ilə kredit götürür. Belə olan halda həmin şirkətlər dövlətin zəmanəti ilə kredit götürür və dövləti zamin kimi təqdim edirlər”.
Ekspert hesab edir ki, dövlət zəmanətilə kredit götürən şirkətlərin adı ictimaiyyətə açıqlanmalıdır. Ən əsası, həmin kreditin nə məqsədlə istifadə ediləcəyi də bəyan edilməlidir: “Hesablama Palatası da bu məsələni daim diqqətdə saxlamalı və vaxtaşırı yoxlama aparmalıdır. Həmçinin, həmin kreditin hansı formada qaytarılmasına da nəzarət olunmalıdır. Bəzən şirkətlər maddi durumlarının uyğun olmadığını əsas gətirərək həmin krediti dövlətin üzərinə atır. Ümumiyyətlə, dövlət zəmanətilə verilən borcları, kreditləri onu alan həmin qurum özü həll etməlidir, özü qaytarmalıdır. Kredit verilib, götürmüsənsə ödəməlisən. Bunu dövlətin üstünə atmaq olmaz. Hesab edirəm ki, bu məsələdə ciddi şəffaflıq təmin olunmalıdır, zəmanət verilən qurumların fəaliyyətinə, ciddiliyinə fikir vermək lazımdır. Hər kəsə dövlət zəmanəti ilə kredit verilməməlidir”.
Ekspertin sözlərinə görə, 2020-ci ildə dövlət müəssisələrinin effektiv idarəetmə sisteminin qurulması üçün dövlət investisiya fondunun yaradılması əsas məqsədlərdən biri idi: “Dövlət müəssisələrinin idarəetməsi şəffaflaşmadıqca, korporativ idarəetmə qurulmaqdıqca, peşəkar və etik menecerlər rəhbərliyə cəlb edilmədikcə ciddi problemlər qalmağa davam edəcək. Bu cür kreditlərin götürülməsinə həssaslıqla yanaşılmalıdır ki, dövlətin başı ağrımasın, götürülmüş kreditlər də hansısa məmurların cibinə getməsin".
Günel CƏLİLOVA