“Bank xidmətlərinin reklamında qanun pozuntuları aşkarlanıb”. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məlumat yayıb.
Bildirilir ki, bank xidmətlərinin reklamlarının yayımlanması zamanı reklam qanunvericiliyinin tələblərinə əməl edilməməsi halları aşkar edilib: “Reklam haqqında” Azərbaycan Respublikası Qanununda maliyyə, bank, sığorta, investisiya xidmətləri, eləcə də qiymətli kağızların reklamı üçün xüsusi qaydalar təsbit edilib. Belə ki, lisenziyalaşdırılan fəaliyyət növləri üzrə lisenziyanın nömrəsi, verilmə tarixi və onu verən orqanın adı, eləcə də maliyyə, bank, sığorta, investisiya xidmətlərinin, qiymətli kağızların reklamında bu xidmətləri təklif edən şəxsin hüquqi adı, hüquqi ünvanı, fiziki şəxslərin adı, soyadı, atasının adı, ünvanı, əlaqə vasitələri, qiymətli kağızın emitenti qeyd olunmalıdır. Ancaq banklar bu qaydalara əməl etmir”.
“Banklar müştəri cəlb etmək üçün kredit və ya əmanət faizlərini başqa cür təklif edir, reallıqda isə istehlakçı fərqli rəqəmlə qarşılaşır”
Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, banklar reklam haqqında qayda-qanuna əməl etmir: “Bu problem daha çox kredit və əmanət faizlərində yaşanır. Banklar müştəri cəlb etmək üçün kredit və ya əmanət faizlərini başqa cür təklif edir, reallıqda isə istehlakçı fərqli rəqəmlə qarşılaşır. Bu da qanun pozuntusudur”.
Ekspert hesab edir ki, belə aldadıcı reklamların qarşısı şikayətlər nəticəsində alına bilənəcək: “Burada 3 amil var. Birincisi, yalan reklamdır. Banklar yalan reklama görə İqtisadiyyat Nazirliyinin tabeliyində olan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən cərimələnə bilər. Vətəndaş ora müraciət etməlidir. İkincisi, bu, kreditlərin verilməsi qaydalarının pozulmasıdır. Mərkəzi Bankın kredit verilməsi üçün müəyyən edilmiş qaydaları var. Həmin qaydaya əsasən, bank mütləq vətəndaşın gəlirini təsdiq edən sənəd tələb etməlidir. Yəni bununla bağlı Mərkəzi Bank da həmin bankları cərimələyə bilər. Üçüncü məsələ isə odur ki, burada vətəndaşa mənəvi zərər vurulur. Həm vətəndaş vaxtını itirir, həm də istədiyinə nail ola bilər. Bu halda vətəndaş həmin bankı məhkəməyə verə bilər. Ona dəyən mənəvi zərərin qarşılığını tələb edə bilər. Bu hallar ona görə çoxdur ki, vətəndaşlar heç bir yerə şikayət etmir. Bu reklamları Mərkəzi Bank da, Dövlət Xidməti də görür. Onların da fəaliyyəti qənaətbəxş deyil”.
Günel CƏLİLOVA