Pandemiya dövründə Azərbaycanın növbəti üstünlüyü - başqa dövlətlərdə investisiya məbləğində 20, bizdə cəmi 10 faiz azalma...

Fikrət Yusifov: “Bu o deməkdir ki, biz daha cəlbedici investisiya mühiti yaratmışıq”

img

Pandemiya səbəbindən ötən il əksər ölkədə investisiya qoyuluşları 15-20 faizədək azaldığı halda, Azərbaycanda azalma heç 10 faiz olmayıb.

2020-ci ildə Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 8,3 faiz azalıb. Belə ki, ötən il ölkə iqtisadiyyatına 17 mlrd. 28 mln. 100 min manat investisiya yatırılıb. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 0,3 faiz artmış, qeyri-neft və qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 12,3 faiz azalıb. İstifadə olunmuş vəsaitin 11175,8 milyon manatı və ya 65,6 faizi məhsul istehsalı sahələrinə, 4485,0 milyon manatı (26,4 faizi) xidmət sahələrinə, 1367,3 milyon manatı (8,0 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 11911,1 milyon manatını və ya 69,9 faizini daxili vəsaitlər təşkil edib. Sərmayə qoyuluşunun 10954,1 milyon manatı və ya 64,3 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə xərclənib. Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 50,4 faiz, büdcə vəsaitləri 27,6 faiz, bank kreditləri 6,2 faiz, əhalinin şəxsi vəsaitləri 5,7 faiz, sair vəsaitlər 8,6 faiz, büdcədənkənar dövlət fondlarının vəsaitləri isə 1,5 faiz təşkil edib.

Belə baxanda digər ölkələrlə müqayisədə Azərbaycan iqtisadiyyatına qoyulan sərmayələr elə də çox azalmayıb. O baxımdan bunu ekspertlər necə dəyərləndirirlər?

  • “Ona görə də sərmayədarlar Azərbaycan iqtisadiyyatına kapital qoymaqdan elə də çəkinmirlər”

Sözügedən məsələni dəyərləndirən sabiq maliyyə naziri, professor Fikrət Yusifov bununla bağlı bir sıra məqamlara toxundu: “Bütün dünya ölkələrində investisiya qoyuluşlarının azalması başlıca olaraq koronavirus pandemiyasının yaratdığı risqlərlə bağlıdır. Məsələ ondadır ki, bununla bağlı risqlər çox böyükdür. İnvestorlar isə hər zaman diqqətli davranan zümrə olub. Məsələ ondadır ki, sərmayədarlar bu kimi məsələlərə son dərəcə həssas yanaşır və daha ehtiyatlı addımlar atırlar. Belə vəziyyətlərdə investorlar çox vaxt gözləmə mövqeyi tuturlar. Ona görə də sərmayə qoyuluşlarında müşahidə edilən azalmalar təbiidir. Digər ölkələr kimi, Azərbaycan da bu kimi mənfi tendensiyalara məruz qalıb. Nəticədə həm daxili, həm də xarici investisiyalar azalıb. Bu həm də iqtisadi aktivliyin azalması ilə bağlıdır. Məsələ ondadır ki, bir var cəlb edilən investisiyalar, bir də var dövlətin özünün qoyduğu sərmayələr. Təbii ki, pandemiya səbəbindən gəlirlər azalırsa, o zaman bu, dövlət xətti ilə qoyulan sərmayələrə də öz təsirini göstərir. Sadalanan amillər səbəbindən investisiya qoyuluşları azalıb. Ancaq ümidverici hal ondan ibarətdir ki, Azərbaycanda bu sahədə azalma digər ölkələrlə müqayisədə elə də böyük deyil. Bu o deməkdir ki, biz daha cəlbedici investisiya mühiti yaratmışıq. Ona görə də sərmayədarlar Azərbaycan iqtisadiyyatına kapital qoymaqdan elə də çəkinmirlər”.

Professor hesab edir ki, indiki çətin dövrdə ümumən belə vəziyyət Azərbaycan üçün məqbul sayıla bilər.

Vidadi ORDAHALLI

Son xəbərlər