Heydər Əliyev Fondu tərəfindən təşkil edilmiş Bakı Marafonu 2017-nin qalibləri mükafatlandırılıb.
“Trend”-in məlumatına görə, marafonda kişilər arasında birinci yeri 30 yaşlı Türkiyə vətəndaşı Veysi Aslan tutub. İkinci yerə Türkiyə vətəndaşı Üzeyir Söylemez, üçüncü yerə isə Rusiya vətəndaşı Vladimir Demyanov çıxıb.
Qadınlar arasında isə birinci yerin sahibi Türkiyə vətəndaşı Yayla Kılıç olub, ikinci yeri Ukrayna vətəndaşı Valentina Poltovska, üçüncü yeri İran vətəndaşı Pərisa Ərəb tutub.
Qeyd edək ki, Bakı Marafonunda 13 mindən çox yürüşçü, o cümlədən, 1000-ə yaxın xarici vətəndaş iştirak edib.
Marafon Dənizkənarı Bulvar İdarəsi və Bakı Olimpiya Stadionunun dəstəyi ilə təşkil olunub. Dövlət Bayrağı Meydanından start götürən marafon Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edib. "Bakı Marafonu"nun məqsədi idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar üçün bir araya gətirməkdən ibarətdir. Marafon "Küləyə qalib gəl" şüarı altında keçirilir.
"Bakı Marafonu 2017"dən toplanan vəsait Heydər Əliyev Fondunun uşaq evləri üzrə həyata keçirdiyi layihəyə yönəldiləcək.