"Düşünürəm ki, Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında tərəfdaşlığa dair yeni sazişin müzakirəsinin növbəti mərhələsi noyabrın 24-də keçiriləcək "Şərq Tərəfdaşlıq" sammitinədək baş tutacaq". APA-nın xəbərinə görə, bunu Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskas deyib.
Səfir bildirib ki, sazişin hazırlanması istiqamətində işlər yaxşı gedir: "Bu saziş Aİ və Azərbaycan arasında gələcək əməkdaşlığın fundamental prinsiplərini əks etdirir. Buna görə də sazişin tez bir zamanda deyil, yaxşı hazırlanması vacibdir. Saziş sammitə qədər hazırlansa, daha yaxşı olar. O vaxta kimi çatdırmasaq, çalışacağıq ki, işləri tez yekunlaşdırmaq üçün danışıqları eyni tempdə davam etdirək".
Aİ-nin Azərbaycanda nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskas Azərbaycan və AŞPA arasında yaranmış gərginliyə də münasibət bildirib. K. Yankauskas tərəfləri dialoqa çağırıb.
O bildirib ki, AŞPA olduqca əhəmiyyətli təşkilatdır: "Bu təşkilata üzv olan hər bir ölkə dialoq və intensiv iş köməkliyi ilə irəli getməlidir. Düşünürəm ki, AŞPA kimi önəmli təşkilatda qalmaq üçün hamımız səylər göstərməliyik. Ümid edirəm ki, bu məsələnin həlli üçün Bakı və Strasburq arasında aparılan dialoq davam edəcək".