TRT-nin Bakı Təmsilçiliyinə yeni rəhbər təyin edilib.
Təmsilçilikdən “Bakı xəbər”ə verilən məlumata görə, qurumun bugünə qərər rəhbəri olmuş Yıldıray Arslan vəzifə müddətinin başa çatması ilə əlaqədar Azərbaycanı tərk etməyə hazırlaşır. TRT-nin Bakı təmsilçiliyindən bildirlib ki, 3 il ərzində Azərbaycanda fəaliyyət göstərən Yıldıray Arslan bu zaman kəsimində Azərbaycanın problemlərini, iqtisadi durumunu, mədəniyyətini, ədəbiyyatını hazırladığı yüzdən çox xəbər və müəllif proqramları ilə dünyaya çatdırıb. Xəbərdə o da bildirilib ki, Y.Arslan Qarabağ müharibəsi, cəbhə xəttində baş verən olayları dünyaya çatdıran ilk türkiyəli jurnalistlərdən biridir. Maraqlıdır ki, vaxtilə mərhum prezident Heydər Əliyevdən ilk müsahibəni də məhz Yıldıray Arslan alıb. Y.Arslanın oktyabr ayında Türkiyəyə qayıdacağı bildirilir.
Xəbərdə TRT-nin Bakı təmsilçiliyinə yeni təyinat barədə də məlumat verilir. Bildirilir ki, bundan sonra həmin vəzifəni Murad Akkoç daşıyacaq. M.Akkoç buna qədər uzun müddət TRT AVAZ-da Kanal koordinatoru vəzifəsində çalışıb və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında onun da xidmətləri danılmazdır.
“Bakı Xəbər” qəzeti Təmsilçiliyin keçmiş və hazırkı rəhbərləri Yıldıray Arslana və Murad Akkoça bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayır.