Oktyabrın 2-dən 4-dək Misir Ərəb Respublikasının Şarm əl-Şeyx şəhərində Beynəlxalq Anti-Korrupsiya Akademiyası (IACA) Üzv Dövlətləri Assambleyasının 6-cı sessiyası keçirilib.
Tədbirdə ölkəmizi Azərbaycan Respublikası Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin rəhbərlik etdiyi Baş İdarənin, Xarici İşlər və Vergilər nazirliklərinin əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil edib.
Sessiyada çıxış edən Kamran Əliyev ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən qanunvericilik və institusional islahatlar, Baş İdarənin və “ASAN xidmət” mərkəzlərinin korrupsiya və rüşvətxorluq hallarının qarşısının alınmasında rolu, həmçinin ölkəmizlə IACA arasında ikitərəfli münasibətlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib, Azərbaycan Respublikasının bu sahədə əldə etdiyi uğurları qeyd edib.
Tədbirdə Akademiyanın fəaliyyətinin müxtəlif aspektləri ilə bağlı təşkilati və hüquqi xarakterli məsələlər müzakirə edilib, qeyd edilən qurumun qlobal miqyasda korrupsiyaya qarşı mübarizə səylərinin gücləndirilməsində rolunun artırılması məqsədilə bir sıra zəruri sənədlər işlənib hazırlanıb, həmin sənədlərin hazırlanması və qəbulu prosesində ölkəmizin nümayəndə heyətinin fəal iştirakı xüsusi vurğulanıb.
Səfər çərçivəsində ölkəmizin nümayəndə heyəti ilə IACA-nın rəhbəri Martin Kreutner, Misir Ərəb Respublikası və digər dövlətlərin nümayəndə heyətləri arasında ikitərəfli görüşlər keçirilib, korrupsiyaya qarşı mübarizə sahəsində qarşılıqlı əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Görüşlərdə Azərbaycan Respublikasının Misir Ərəb Respublikasında fövqəladə və səlahiyyətli səfiri Tural Rzayev iştirak edib.