Türkiyənin Azərbaycandakı Səfirliyi Azərbaycanın paytaxtı Bakının müxtəlif bölgələrində yaşayan Dağlıq Qarabağ qaçqınlarına ərzaq yardımı edib. Baki-xeber.com Türkiyə KİV-nə istinadən xəbər verir ki, səfirliyin təşəbbüsü nəticəsində Türkiyənin Qırmızı Aypara Cəmiyyətinin dəstəyi ilə hazırlanan 25 kq çəkisi olan bağlamalar təqribən 330 ailəyə paylanıb.
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bağlamalar paylanarkən verdiyi açıqlamada Azərbaycanın ən ciddi siyasi və sosial probleminin Dağlıq Qarabağ məsələsi olduğunu, bu məsələnin bir də humanitar cəhətlərinin olduğunu söyləyib.
Azərbaycanın müxtəlif bölgələrindən ev-eşiklərindən didərgin edilən 1 milyondan artıq qaçqın və məcburi köçkünlərin yaşadığını xatırladan səfir Özoral bu vəziyyətin Azərbaycan üçün sosial problemlər doğurduğunu qeydedib. “Biz də bu problemlərin həllinə dəstək olmaq məqsədi ilə 330 ailə üçün yardım kampaniyası təşkil etdik. Belə yardımlarımız bundan sonra da davam edəcəkdir” - deyə səfir vurğulayıb.