Ermənistan Gömrük İttifaqından çıxarsa, təkcə qaz məsələsində ildə 360 milyon dollar itirəcək.
Baki-xeber.com-un xəbərinə görə, bu sözləri hakim partiyanın deputatı Artaşes Geqamyan ölkənin Avrasiya İqtisadi İttifaqından çıxması ilə bağlı qanun layihəsini müzakirə edərkən bildirib. Onun sözlərinə görə, burada qaz əsas faktorlardan biri kimi çıxış edir. Erməni deputatı deyib ki, ötən il Ermənistan Rusiyadan kubmetri 150 dollardan olmaqla 1 milyard 900 milyon kubmetr qaz alıb. Gömrük İttifaqından çıxacağı təqdirdə bu qiymət digər MDB ölkələrilə eyniləşdiriləcək. Məsələn, Moldova qazı 339 dollardan alır. Bu isə Ermənistan üçün ildə 360 milyon dollar itki deməkdir.
Geqamyan onu da deyib ki, bununla ölkədə elektrik enerjisinin də qiyməti avtomatik olaraq qalxacaq, çünki Ermənistan AES-i tamamilə Rusiyanın nüvə yanacağı hesabına işləyir.
Bütün bunlar isə İrəvanı hələ uzun müddət Rusiyanın boyunduruğunda qalmağa vadar edir.