Azərbaycan “National Geographic Traveler”-in açıqladığı “sağlamlıq turizmi ölkələri” reytinqində ilk beşlikdə yer alıb.
Baki-xeber.com xəbər verir ki, “National Geographic Traveler Awards 2017” üzrə reytinq internet-səsvermə əsasında müəyyən olunub, nəticələri isə analitik “TurStat” agentliyi tərəfindən açıqlanıb. Nəticələrə görə, eyni zamanda Almaniya, Sloveniya və İsveçrənin yer aldığı ilk beşliyə İsrail başçılıq edir.
Xəbərdə o da deyilir ki, Qəbələdəki “Chenot Palace” oteli “Ən yaxşı kurort oteli” nominasiyası üzrə ilk beşliyə düşüb.
Qeyd edək ki, reytinqdə digər nominasiyalar üzrə də səsvermələr keçirilib. Nəticələrə görə, mətbəxi və aqroturizmi ilə Gürcüstan birinci olub. Səsvermədə iştirak edənlər plyaj turizmində Yunanıstana, ailəvi gəzinti üçün Kiprə, ekskursiya üçün İtaliyaya, dağ xizəkçiliyi üçün Avstriyaya, macəralar üçün Argentinaya, ekzotik özəlliklərinə görə Yaponiyaya üstünlük verib. “İlin kəşfi” nominasiyası isə Çinə verilib.