Azərbaycan prokurorluğunun kollektivi milli prokurorluq orqanlarının yaradılmasının 99-cu ildönümünü və peşə bayramını təntənəli şəkildə qeyd edib.
Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, Baş Prokurorluğun, Respublika Hərbi və Bakı Şəhər prokurorluqları orqanlarının kollektivləri sentyabrın 30-da Fəxri xiyabana gedərək, ulu öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər çiçəklər düzülüb.
Şəhidlər xiyabanına gedən Azərbaycan Prokurorluğunun kollektivi Vətənimizin müstəqilliyi və azadlığı uğrunda şəhid olmuş qəhrəman oğul və qızlarımızın xatirəsinə dərin ehtiramlarını bildirib, məzarları üzərinə gül dəstələri qoyub, “Əbədi məşəl” abidəsini ziyarət edib.
Sonra Baş Prokurorluqda 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı gününə və milli prokurorluğun yaradılmasının 99-cu ildönümünə həsr olunmuş mərasim keçirilib.
Azərbaycanın dövlət himni səsləndirildikdən sonra Baş prokuror Zakir Qaralov peşə bayramı münasibətilə prokurorluq orqanlarında çalışan bütün əməkdaşları, veteranları, onların ailə üzvlərini təbrik edib.
Sonda Baş prokuror Zakir Qaralov xidmətdə fərqlənən bir qrup prokurorluq əməkdaşına “Prokurorluğun fəxri işçisi” döş nişanını, Fəxri fərman və rütbə dərəcələrini təqdim edib.
Mərasimin sonunda Respublika Prokurorluğunun kollektivi adından dövlət başçısı İlham Əliyevə amüraciət qəbul edilib.
Xəbər xidməti