Avropa Ombudsmanlar İnstitutu Azərbaycan KİV-ni qondarma “DQR”-in “ombudsmanı” Ruben Melikyanın təşkilatın Baş Assambleyasının iclasında iştirakı barədə dezinformasiya yaymaqda günahlandırıb.
Baki-xeber.com-un xəbərinə görə, bununla bağlı sözügedən təşkilatın saytında Baş katib Cozefa Zigelin açıqlaması yerləşdirilib. Açıqlamada Baş katib bildirir ki, guya qondarma “respublika”nın qondarma “ombudsmanı” Assambleyanın işinə fərdi şəkildə qatılıb. Onun sözlərinə görə, institutun üzvləri fərdi və institutsional olaraq iki qrupa bölünür ki, Ruben Məlikyan da məhz fərdilərə aiddir və “institut siyasi məsələlərlə məşğul olmadığından və siyasi təsirə imkan vermədiyindən, fərdi üzvü olan qondarma “DQR”in nümayəndəsinin Assambleyanın iclasına qatılmasını istisna etməyib”. Üstəlik Məlikyanın assambleyanın iclasında hər hansı siyasi açıqlamalar vermədiyini deyən Cozefa Zigel Azərbaycan KİV-ni informasiyalarında düzəliş etməyə çağırıb.
Xatırladaq ki, bu günlərdə Buxarestdə sözügedən təşkilatın Baş Assambleyasının iclası keçirilib və həmin iclasda qondarma “DQR”-in “ombudsmanı” Ruben Məlikyan iştirak edib. Azərbaycan tərəfi isə buna haqlı etirazını bildirib.