Dünən bir sıra kütləvi informasiya vasitələrində Türkiyə Respublikasında fəaliyyət göstərən media orqanlarına istinadən Türkiyə Respublikasının Çorum əyalətinin Osmancıq bölgəsində polis tərəfindən yük yerində Avropaya mühacirət etmək istəyən miqrantların olduğu nəqliyyat vasitəsinin saxlandığı, nəqliyyat vasitəsinin qoşqusunda aşkar edilən Azərbaycan vətəndaşları və əfqanlardan ibarət 200-dən artıq miqrantın Bakıda pul qarşılığında nəqliyyat vasitəsinə mindirilərək qanunsuz yollarla Avropaya daşındığı barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb.
DGK-nın mətbuat xidmətindən “Bakı-Xəbər”ə daxil olan məlumata görə, Dövlət Gömrük Komitəsində aparılan araşdırma zamanı məlum olub ki, yayılan xəbərə əlavə edilən videoda görüntüləri əksini tapan miqrantların daşındığı 34 DH 9435 dövlət nömrəli nişanlı nəqliyyat vasitəsi Azərbaycan Respublikasının gömrük ərazisinə ümumiyyətlə daxil olmayıb. Həmin nəqliyyat vasitəsinin 34 EL 322 dövlət nömrə nişanlı qoşqusu isə sadəcə 1 dəfə, 2010-ci ildə Azərbaycan Respublikası ərazisində olub.
Üstəlik, hadisə ilə bağlı Türkiyə Respublikasında fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin hazırladığı daha ətraflı reportajlarda jurnalistlərə müsahibə verən miqrantlar nəqliyyat vasitəsindəki insanların əfqan, tacik, türkmən və özbəklərdən ibarət olduğunu bildirir, xəbərdə Azərbaycan və ya azərbaycanlılardan ümumiyyətlə bəhs olunmur.
Dövlət Gömrük Komitəsi bir daha media qurumları və nümayəndələrinə komitənin fəaliyyət sahələrinə aid olan məlumatların rəsmi mövqe öyrənilməklə hazırlanmasını və yayımlanmasını tövsiyə edir.
Baki-xeber.com