Səidə Qocamanlı: “Cinayət Məcəlləsinin ömürlük azadlıqdan məhrum etmə ilə bağlı maddəsinə dəyişiklik olunması ölkəmizin nüfuzuna və onların həyatına müsbət təsir edəcək”
Azərbaycanda cəzasının 25 ilini çəkmiş ömürlük məhbusların cəzası 10 il müddətinə azadlıqdan məhrum etmə ilə əvəzlənə bilər. Bununla bağlı Azərbaycan Prezidentinin təqdimatı ilə Cinayət Məcəlləsinin (CM) 57-ci maddəsinin (Ömürlük azadlıqdan məhrum etmə) 4-cü bəndinə dəyişiklik təklif olunur.
Layihəyə əsasən, məhkəmə ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun azadlıqdan məhrum etmənin ən azı 25 ilini həqiqətən çəkdiyini, həmçinin, onun bu cəzanı çəkdiyi müddətdə qəsdən cinayət törətmədiyini nəzərə alaraq və məhkumun həmin cəzanı çəkməsinə daha lüzum olmadığı qənaətinə gələrsə, ömürlük azadlıqdan məhrum etmə cəza növü 10 ilə qədər müddətə azadlıqdan məhrum etmə ilə əvəz edilə bilər.
Hazırda bu müddət 15 ildir. Layihə yaxın günlərdə ictimai dinləmələrdən keçdikdən sonra Milli Məclisdə müzakirəyə çıxarılacaq.
Hüquq müdafiəçisi Səidə Qocamanlı “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, ölkə başçısının təqdimatı ilə Cinayət Məcəlləsinə dəyişiklik olunması təklifi hər kəs tərəfindən xoş qarşılanır: “Azərbaycan Avropa Şurasının üzvü olandan bəri biz həm ömürlük cəza çəkənlərin problemləri ilə məşğul olmuşuq, həm də dövlət daxilində rəsmi strukturlar, beynəlxalq təşkilatlar qarşısında onların cəzasının yüngülləşdirilməsinin vacibliyini vurğulamışıq. Ömürlük həbs cəzası çəkənlərin cəzalarının artıq yüngül cəza ilə əvəz olunmasını istəmişik. Bu gün məlum təklifin səslənməsi belə bizi sevindirir. Bu yalnız alqışlanmalıdır”.
Həmsöhbətimiz hesab edir ki, Cinayət Məcəlləsinin ömürlük azadlıqdan məhrum etmə ilə bağlı maddəsinə dəyişiklik olunması ölkəmizin nüfuzuna və onların həyatına müsbət təsir edəcək: “O cəza alanlar arasında elələri var ki, onlar 20 ildən artıqdır cəza çəkir. Demək olar ki, onların çoxu qocalıb, ya da səhhətində problemlər yaranıb, aralarında ağır xəstəliyə düçar olanlar da var. Bu səbəbdən də onların azadlığa buraxılması məqsədəuyğun olar. Baxmayaraq ki, ömürlük həbs olunanların törətdiyi cinayət çox ağır olub. Ömürlük cəza elə-belə cinayət törədənlərə verilmir. Qəsdən adam öldürmə, vətənə xəyanət kimi cinayəti edənlər ömürlük həbs cəzası çəkirlər. Ancaq burada insan faktoru və humanizm əsas rol oynayır. Prezident İlham Əliyev humanizm nöqteyi-nəzərindən ömürlük həbs cəzası çəkənlərin cəzalarının yüngülləşdirilməsi təklifini irəli sürüb”.
Günel CƏLİLOVA