Əhməd Qəşəmoğlu: “İnsanların dövlət büdcəsindən maliyyələşən xəstəxanalarda tibbi müayinələrdən keçməsi ilk öncə onların büdcəsinə müsbət təsir edir”
“Hər il 5 milyondan artıq insan, yəni ölkə əhalisinin yarısı tamamilə dövlət büdcəsindən maliyyələşən tibbi yoxlamadan keçir”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxışı zamanı deyib.
O qeyd edib ki, ümumilikdə 2004-cü ildən başlayaraq 600-dən çox xəstəxana və tibb mərkəzləri tikilib, yaxud təmir olunub.
Əslində, Prezident Əliyevin bu fikirləri dünyaya dövlətimizin “sosial təbabət”, yəni xalqa yönəlik, əsas hədəfi xalq sağlamlığı olan modelinin təqdimatı kimi də başa düşülə bilər.
Tibbi yoxlamaların sosial əhəmiyyəti barədə “Bakı-Xəbər”ə məlumat verən Əhməd Qəşəmoğlu qeyd etdi ki, hazırda tibbi yoxlama prosudurları hər kəsin büdcəsinə uyğun deyil: “Dövlət büdcəsindən maliyyələşən tibbi müəssisələrdə tibbi müayinələrin keçirilməsi əhalinin mütəmadi olaraq öz sağlamlığının qeydinə qalmasına səbəb olur. Nəzərə almaq lazımdır ki, əhalinin sosial durumu yüksək deyil. Əhalinin əksəriyyətinin əməkhaqqı 300–400 manat arasındadır. Tam tibbi yoxlamadan keçmək isə böyük xərc tələb edir. Bu səbəbdən də pulsuz tibbi müayinələrin keçirilməsi ölkə əhalisi üçün müsbət addımdır”.
Həmsöhbətimizin sözlərinə görə, insanların dövlət büdcəsindən maliyyələşən xəstəxanalarda tibbi müayinələrdən keçməsi ilk öncə onların büdcəsinə müsbət təsir edir: “Müayinədən keçmək istəyənlər vəsait sərf etmədən səhhətləri ilə bağlı məlumatlı olurlar.
Tibbi müayinələrin müsbət tərəflərindən biri də odur ki, yoluxucu və digər təhlükəli xəstəliklər aşkar olunur. Hər hansı bir xoşagəlməz xəstəlik aşkar olunarsa, insanlar dərhal lazımi tədbir alırlar.
Ə.Qəşəmoğlunun sözlərinə görə, dövlətin insanların qayğısına qalması xüsusi olaraq qeyd olunmalıdır: “Nəzərə almaq lazımdır ki, artıq neçə ildir bu sahədə işlər görülür. Dövlət xəstəxanaları bu layihəyə qoşulublar. Bu müddət ərzində minlərlə insan pulsuz tibbi müayinə xidmətindən yararlanıb”.
Günel CƏLİLOVA