“De-fakto müstəqil dövlət olduğundan, “Artsax” beynəlxalq miqyasda tanınmağa layiqdir“.
Baki-xeber.com-un erməni mətbuatına istinadən xəbərinə görə, bu sözlər Dağlıq Qarabağ münaqişəsinin ATƏT çərçivəsində həllində məsul olan həmsədr ölkənin – ABŞ konqresinin nümayəndələr palatasının üzvü Frenk Palloneyə aiddir. Həmin absurd fikri isə o, qondarma “DQR”in “prezidenti” Bako Saakyanla görüşündən sonra İrəvanda jurnalistlərə açıqlamasında səsləndirib. Qondarma “respublikanın müstəqilliyinin tanınması uğrunda verdiyi əməyə görə” qondarma “prezidentin” əlindən “təşəkkür” medalı alan ABŞ konqresmeni deyib ki, “regionda sülhün bərqərar olması üçün “Artsax”ın ermənilərə aid olaraq tanınması vacibdir”.
Xatırladaq ki, Frenk Pallone nümayəndə heyətinin tərkibində Ermənistana səfər edib və qondarma “respublika”nın İrəvandakı nümayəndəliyində onun “rəhbəri” ilə görüşüb. Onu da bildirək ki, ABŞ konqresinin nümayəndə heyəti sentyabrın 17-də Ermənistana erməni əsilli konqresmen Ceki Spir Kançalyanın təşəbbüsü ilə səfər edib. Görünən o ki, separatçı rejimin başbilənləri düşən fürsəti qaçırmayaraq onlardan öz məqsədləri üçün istifadə etməyi bacarıb.