Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması çərçivəsində ərazilərin bir hissəsini Azərbaycana qaytarmağa hazırdır.
Baki-xeber.com-un xəbərinə görə, belə bir bəyanatla Ermənistan XİN rəhbəri Edvard Nalbandyan çıxış edib. 6-cı Ümumerməni forumunda çıxış edən erməni nazir deyib: “Söhbət həmin ərazilərdən gedir ki, onların qaytarılması nə Qarabağa, nə də münaqişənin çözümünə xələl gətirə bilər”. Lakin o, Bakı ilə danışıqların detallarını açmaqdan imtina edib və bunun danışıqların gedişinə ziyan vuracağını bildirib. Bəlli ki, Nalbandyan burada “Madrid prinsipləri”ndə olduğu kimi 7 ətraf rayonun qaytarılmasını nəzərdə tutur. Bunlar Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər rayonları və Laçının bir hissəsidir. On illərdir işğalçı Ermənistan bu rayonları bufer zona elan edərək qaytarılmasından imtina edirdi və bu hərəkətini Dağlıq Qarabağın təhlükəsizliyi ilə əsaslandırırdı.
Maraqlıdır ki, Ermənistanın Qarabağ məsələsində bu yumşalması ilə paralel olaraq XİN naziri aqressiyasını da gizlətməyib: deyib ki, Azərbaycan müharibə variantına əl atarsa, danışıqlar birdəfəlik bitmiş sayılacaq. Bu isə onu göstərir ki, artıq çoxdan gözlənilən hadisə baş vermək üzrədir və Ermənistan işğal etdiyi torpaqların qaytarılması variantına məcbur edilir.