“XXI Əsrin Qadınları” İctimai Birliyi Alxanlı qətliamı ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir:
Biz, “XXI Əsrin Qadınları” İctimai Birliyinin üzvləri Azərbaycanın Füzuli rayonunun Alıxanlı kəndinin 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulması nəticəsində 50 yaşlı Quliyeva Sahibə İdris qızı və 2 yaşlı Quliyeva Zəhra Elnur qızının qətlə yetirilməsi faktını Azərbaycan torpaqlarına hərbi təcavüzü davam etdirən erməni qəsbkarları tərəfindən törədilmiş qanlı terror aktı olaraq qəbul edir və bu insanlıq dramını şiddətlə qınayırıq.
1992-ci ildə Xocalı soyqırımı faciəsini törədənlərdən biri olan qatil Sarkisyanın Azərbaycan xalqına qarşı davam etdirdiyi terror siyasətinin daha bir nümunəsi olan bu qanlı akt göstərir ki, Ermənistan bütün beynəlxalq sanksiyaları və qərarları heçə sayaraq Azərbaycana qarşı işğalçılıq ambisiyalarını davam etdirir və atəşkəs vəziyyətində belə Azərbaycanın sərhədyanı bölgələri hər gün atəşə tutulur və o ərazilərdə yaşayan dinc sakinlər güllə-barana məruz qalır.
Ermənistanın bütün region üçün təhlükə kəsb edən bu zor güc siyasətini, ermənilərin atəşkəs dövründə Azərbaycana qarşı törətdiyi təxribat və sərhədyanı bölgələrdə mütəmadi olaraq hərbi və mülki şəxslərin qətlə yetirilməsi faktlarını qətiyyətlə pisləyir və dünya ictimaiyyətini bu ədalətsizliyə, Azərbaycana qarşı edilən zülmə “dur” deməyə çağırırıq. Beynəlxalq təşkilatların bütün bəyanatlarını qulaqardına vuraraq, Ermənistan tərəfindən Azərbaycan xalqına, Azərbaycan analarına, qadınlarına, qızlarına, uşaqlarına qarşı törədilən hərbi cinayətlərə görə Ermənistanın cinayətkar xislətli rəhbərləri cəzalandırılmalıdır.