Türkiyənin Bakıdakı səfirliyi cümə günü “Excelsior” oteldə media nümayəndələri üçün iftar süfrəsi təşkil edib.
Baki-xeber.com-un xəbərinə görə, iftar mərasimində Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və xanımı, səfirliyin mətbuat müşaviri Hamit Karadeniz və xanımı, Şimali Kipr Türk Cumhuriyyətinin Azərbaycandakı nümayəndəsi Ufuk Arça Turğanərlə yanaşı Azərbaycan parlamentinin üzvləri və ölkənin tanınmış media nümayəndələri iştirak edib.
Mərasimdə çıxış edən H. Karadeniz qonaqları Ramazan ayı münasibətilə təbrik edib. Azərbaycan-Türkiyə qardaşlığından danışan müşavir qeyd edib ki, bu qardaşlığın qorunmasında jurnalistlərin üzərinə böyük məsuliyyət düşür.
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral çıxışında vurğulayıb ki, Türkiyənin gücü Azərbaycanın gücüdür, Azərbaycanın gücü isə Türkiyənin gücüdür. Bundan öncə səfirlikdəki diplomat kimi çalışdığı vaxtları xatırladan səfir Azərbaycanın xeyli inkişaf etdiyini vurğulayıb.
Səfir çıxışında Yaxın Şərqdə baş verən proseslərə də toxunub. Qarabağ münaqişəsindən danışan E.Özoral deyib ki, bu gün İraq, Suriya kimi yerlərdə bir çox ədalətsizliklər davam edir, amma Dağlıq Qarabağda ədalətsizlik uzun müddətdir mövcuddur. “Bizim qəlbimizdə bir qapanmayan yara var, bu da Dağlıq Qarabağ münaqişəsidir”- deyən səfir bildirib ki, Qarabağla bağlı ədalətsizlik bitməyincə, regionda sabitliyin olması mümkün deyil.
Sayın Özoral Bakıda 8 aydır fəaliyyət göstərdiyini bildirərək, bu müddət ərzində bütün redaksiyaları ziyarət etməyə imkan tapmamasındfan təəssüfləndiyini qeyd edib: "Bütün media qurumlarını ziyarət etməyi düşünürəm, gəlib bir çayınızı içəcəyəm".
Sonra səfirliyin dini işlər üzrə müşavirinə söz verilib. Müşavirin azan oxumasından sonra iftar açılıb.