Prezident İlham Əliyev Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində bərpa işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi erməni silahlı birləşmələrinin işğalından azad edildikdən və burada insanların təhlükəsiz yaşaması mümkün olduqdan sonra kənd sakinlərinin öz doğma yurdlarına qayıtması üçün həmin ərazilərdə əsaslı yenidənqurma və bərpa işlərinə başlanıb. İlkin mərhələdə 10 hektar ərazidə geniş tikinti-bərpa və abadlıq-quruculuq işləri aparılıb, ümumi sahəsi 3850 kvadratmetr olan 50 fərdi yaşayış evi, 96 şagird yerlik ümumtəhsil məktəbi, məscid, elektrik yarımstansiyası, hidrometeoroloji stansiya inşa edilib, qaz, elektrik, içməli su xətləri, ümumi uzunluğu 9 kilometr olan avtomobil yolu çəkilib.
Sərəncamda daha sonra deyilir ki, Cocuq Mərcanlı kəndində tikinti-bərpa və abadlıq-quruculuq işlərinin davam etdirilməsi, o cümlədən 100 fərdi yaşayış evinin, uşaq bağçasının, həkim məntəqəsinin, digər zəruri sosial və infrastruktur obyektlərinin tikintisi məqsədilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 9,0 (doqquz) milyon manat ayrılsın. Maliyyə Nazirliyinə isə bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılır.