Qondarma “DQR”in qondarma “prezidenti”nin mətbuat katibi David Babayan deyib ki, “Azərbaycandan fərqli olaraq, “Artsax” terrorçu ölkə deyil ki, sərnişin təyyarəsini vursun”.
Bu sözləri o, yerli mətbuatın “Turkish Airlines” aviaşirkətinin təyyarələrinin İstanbul-Bakı reysini həyata keçirərkən Dağlıq Qarabağ üzərindən uçması barədə sualını şərh edərkən deyib. Tipik erməni həyasızlığını işə salan qondarma “prezidentin” qondarma “mətbuat katibi” deyib ki, guya Azərbaycan bununla özü-özünü təkzib edir: bir tərəfdən Qarabağ üzərindən uçuşlara qarşı çıxır, digər tərəfdən özü bu prinsipi pozaraq Qarabağ üzərindən çoxsaylı beynəlxalq uçuşlar həyata keçirir. Bu yerdə o, bir qədər də irəli gedərək Azərbaycanı “faşıst dövləti” adlandırır və bildirir ki, dünya ona qarşı İŞİD-lə rəftar etdiyi kimi davranış sərgiləməlidir. Üstəlik Azərbaycan Prezidentinin Xankəndi aeroportu haqda dediyi “Bu aeroportdan qalxan təyyarə tərəfimizdən vurulacaq” fikrilə manipulyasiya edir, Xankəndinin də, Qarabağın da Prezidentinin İlham Əliyev olduğunu, istər Xankəndidən, istərsə də Qarabağ üzərindən hansı təyyarənin uçacağına yalnız onun qərar verə biləcəyini “unudur” və özlərini işğal etdikləri torpaqların əsl sahibi kimi göstərməyə çalışır, lakin anlamır və ya anlamaq istəmir ki, onların bu tryukları yalnız 25 öncə işə yarayırdı. Çünki artıq nə dünya o dünyadır, nə də Azərbaycan o Azərbaycan!
Təbii ki, qondarma “prezident sözçüsü”nün bu sayıqlamalarının isterikadan yarandığı şübhəsizdir. Çünki onlar özləri də yaxşı bilir ki, beynəlxalq aləm artıq bu münaqişədə kimin kim olduğunun fərqindədir. O üzdən də isterikaya düşüb, “adımı sənə qoyum, səni də yana-yana” prinsipinə daha çox əl atmağa başlayıblar. Amma bu tip qarayaxmalar artıq işə yaramır və Qarabağın əsl sahibinə qayıdacağı gün uzaqda deyil. Qondarma “DQR” rəhbərliyinin hadisələrin gedişindən əndişəyə düşərək şər-şəbədəsinə daha geniş meydan verməsi isə, təbii ki, başadüşüləndir. Axı vaxtilə SSRİ-nin prezidenti Mixail Qorbaçov kimi “ölkəsi olmayan ölkə rəhbərliyi” taleyini yaşamaq onların da qismətinə düşəcək...
Müdrik xalqımızın dilində əsrlərdir dolaşan çox maraqlı bir deyim var –“ bildirçinin bəyliyi darı sovrulana kimidir”. Bütün bu isterikalar isə “o bəyliyin” əldən gedəcəyinin uzaqda olmadığından xəbər verir...
Samirə