15 iyun xalqımızın yeni günə, yeni dövrə başladığı tarixi hadisədir. Həmin gün intizar dolu gözlər yollara dikilmişdi. İnamsızlığın hakim kəsildiyi, ölümlə-olum arasında qalan ölkədə "Heydər baba, xalqı bu bəladan qurtar" deyən xalqın ümidi get-gedə tükənirdi. Qaynar qazana dönmüş Qafqazda Azərbaycanı xəritədən silmək istəyənlərin həm müharibə, həm də siyasət meydanında amalı təməlində "İnsanlara hürrüyyət, millətlərə istiqalal" olan müstəqilliyimizə son verməklə bizi bir ömür boyu üç rəngli, ay-ulduzlu bayrağa həsrət qoymaq idi.
20 yanvar qırğını, Qarakənd istiqamətində helikopterin vurulması, Xocalı faciəsi və bu kimi hadisələr eyni senari ilə baş verirdi. Az qala hər günün faciə və soyqırımı kimi millətin bağrında özünə yer eləməsi gələcəyə olan inamın qarşısına keçilməz sipər çəkmişdi. Ard-arda gələn xəbərlərdə bir iynə ucu boyda sevinc yox idi. Yarğanın bir addımlığında ölümlə gözübağlı gizlənqaç oynamağın nə demək olduğunu təsəvvür edirsinizmi?
Azərbaycanda siyasilər xalqın taleyinə biganəlik nümayiş etdirməklə, vəziyyətdən çıxış yolu tapmaq əvəzinə sağçılara, solçulara, mərkəzçilərə bölünməklə dövlətin idarə sükanını kimlərəsə təhvil vermək üçün sanki yekdilliklə qərar qəbul etmişdilər. Həm də leksikonundakı bir-iki cümlə ilə cərəyan edən hadisələrə təsir etmək gücündə olmayanlar zamanın gedişi qarşısında mat olmuşdular. Kimə və hara üz tutmağın ünvanını bilə-bilə təkəbbürlük edir, haqqı görməzlikdən gəlir, şüarlar və yalançı vədlərlə xalqı arxayınlaşdırmaqla düşmən dəyirmanına su tökürdülər...
Zaman isə gözləmirdi. Vaxt adlı ilgək daraldıqca millət havasızlıqdan boğulurdu. Saman çöpü belə ümid işığına çevrilmişdi. Milləti qaranlıqdan çıxarmaq üçün bir siyasət nəhəngi isə blokadaya alınmış yurd yerimizdə üzünə bağlanan qapıların nə vaxtsa xalqın öz əli ilə açılacağı günü gözləyirdi. Və o gün- 1993-cü ilin 15 iyunu gəldi...
Hər bir xalqın həyatında bir dönüş nöqtəsi var və hər bir xalqın Tanrı tərəfindən göndərilən, ona azadlıq, firavanlıq, sabitlik bəxş eləyən bir xilaskarı var.
O xilaskarlar dünən olub, bu gün var və sabah da olacaq.
Hafiz Təmirov, polis mayoru