Quba Soyqırımı Memorial Kompleksində açıq havada qalan insan sümüklərinin təbii proseslər nəticəsində çürüməsi, torpağın eroziyaya uğraması və sürüşmə hallarının aktivləşməsi ilə bağlı yaranmış mövcud vəziyyətin araşdırılması və baş verən proseslərin qarşısının alınması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən yaradılan komissiya üzvləri iyunun 9-da Qubaya gəliblər.
Trend-in məlumatına görə, Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənovun rəhbərlik etdiyi komissiyanın üzvləri kompleksin məzarlıq hissəsində insan sümüklərinə və sürüşmə hallarının aktivləşdiyi ərazilərə baxış keçiriblər.
Sonra Quba Rayon İcra Hakimiyyətində komissiyanın iclası keçirilib.
Bildirilib ki, memorial kompleks XX yüzilliyin əvvəlində ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı, etnik təmizləmə, dinc əhalinin amansızlıqla qətlə yetirilməsini faktlarla əks etdirən muzey və kütləvi məzarlıqdan ibarətdir. Kompleks erməni millətçilərinin cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılmasında, həmçinin Azərbaycan xalqının gələcək nəsillərinin qan yaddaşının qorunmasında və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayır. Dövlətimizin başçısının həyata keçirdiyi siyasət ölkəmizin haqq səsinin beynəlxalq müstəvidə eşidilməsi, Ermənistanın işğalçılıq siyasətinin dünya ictimaiyyətinə çatdırılması prosesində öz bəhrələrini verməkdədir.
İclasda kompleksin məzarlıq hissəsində yaranmış mövcud vəziyyətlə bağlı müzakirələr aparılıb, komissiya üzvlərinin təklifləri dinlənilib.
Komissiyanın sədri, Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov bununla bağlı bildirib: "Bildiyiniz kimi, Quba şəhərindəki Soyqırımı Memorial Kompleksi 1918-ci ildə erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar və soyqırımı nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə yaradılmış abidədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il dekabrın 30-da imzaladığı sərəncama müvafiq olaraq Heydər Əliyev Fondu tərəfindən yaradılmış kompleks ən müasir standartlara cavab verir və öz möhtəşəmliyi ilə seçilir. Abidə-muzeydə mövcud olan şərait və tarixi sənədlər, faktlar və ekspozisiyalar həmin dövrdə erməni millətçilərinin dinc əhaliyə qarşı törətdiyi vəhşiliklər barədə məlumat əldə edilməsi və bütün bunların dünya ictimaiyyətinə çatdırılması üçün geniş imkanlar yaradır.
Təəssüf ki, son zamanlar kompleksin məzarlıq hissəsindəki ərazidə açıq havada qalan insan sümüklərinin təbii proseslər nəticəsində çürüməsi, torpağın eroziyaya uğraması və sürüşmə hallarının aktivləşməsi müşahidə olunur. Məlum olduğu kimi, cənab Prezident kompleksin mövcud vəziyyətinin araşdırılması və baş verən proseslərin qarşısının alınması məqsədilə tapşırıq verib. Tapşırığa uyğun olaraq Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tərəfindən Quba Soyqırımı Memorial Kompleksi ilə bağlı bəzi məsələlər haqqında sərəncam imzalanıb və aidiyyəti orqanların nümayəndələrindən, həmçinin mütəxəssislərdən ibarət komissiya yaradılıb".
Ə.Həsənov qeyd edib ki, bu gün kompleksin məzarlıq hissəsində insan sümüklərinə və sürüşmə hallarının aktivləşdiyi ərazilərə baxılıb: "Daha sonra Quba rayon İcra Hakimiyyətində keçirilən iclasda mövcud vəziyyətlə bağlı müzakirələr aparıldı və artıq problemin aradan qaldırılması ilə bağlı ilkin təkliflər də var. Yaxın zamanlarda daxil olan təkliflər öyrəniləcək və sistemləşdirilərək Azərbaycan Prezidentinə təqdim ediləcək".